Azərbaycanlı alimlər Kərkük şəhərində beynəlxalq konfransda iştirak ediblər - FOTOLAR
26-27 may 2025-ci il tarixlərində İraq Respublikasının Kərkük şəhərində “Türk incəsənəti, tarixi və folkloru” mövzusunda XIX Beynəlxalq Simpozium keçirilib.
QHT.az xəbər verir ki, simpozium Azərbaycanın tanınmış epiqrafiya alimi Əjdər Ələsgərzadənin xatirəsinə həsr olunub. Tədbir İraq Respublikasının Türkməneli Vəqfi Zirvə Araşdırmalar və İnkişaf Mərkəzi (Kərkük), Türkiyə Rspublikasının Adnan Menderes Universiteti (Aydın) və Azərbaycan Respublikasının “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) əsas təşkilatçılığı ilə həyata keçirilib. Simpoziumda Azərbaycan, Türkiyə, İraq, Moldova, Özbəkistan, İran, Rusiya, Macarıstan, Şimali Makedoniya, Kosovo və digər ölkələrdən 60-dan çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
Tədbiri giriş sözü ilə açan Simpozium Təşkilat Komitəsinin sədri dosent Dr. Əhməd Aytac bildirib ki, “Türk incəsənəti, tarixi və folkloru” mövzusunda XIX Beynəlxalq Simpoziumun əsas məqsədi Türk dünyasında tarix, ədəbiyyat, folklor və dil sahələrində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır. O, həmçinin vurğulayıb ki, simpoziumun İraq Respublikasında keçirilməsi bu ölkənin alim və tədqiqatçılarının digər türk dövlətlərinin elmi mühitinə daha fəal şəkildə inteqrasiyasına xidmət edir.
Simpoziumun açılış mərasimində Türkməneli Vəqfinin məsul katibi Dr. Mustafa Ziya çıxış edərək tədbirin Kərkükdə keçirilməsini yüksək qiymətləndirib və bu beynəlxalq elmi tədbirin İraqın elmi mühitinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Tədbirin açılışında həmçinin Zirvə Araşdırmalar və İnkişaf Mərkəzinin müdiri professor Dr. Nihat İsmayıl Taha, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, Türkiyə alimləri adından dosent Dr. Hülya Şanes Doğru, xarici ölkə alimləri adından isə dosent Dr. Həbibə Əliyeva və professor Dr. Rubin Zemon çıxış ediblər.
Dosent Dr. Əhməd Aytac çıxışında builki simpoziumun Azərbaycanın tanınmış epiqrafika alimi Əjdər Ələsgərzadənin əziz xatirəsinə həsr olunduğunu qeyd edib. O, Əjdər Ələsgərzadənin elmi fəaliyyətinə yüksək qiymət verərək onun əsərlərinin Türk dünyasının mədəni irsinin öyrənilməsində mühüm mənbələrdən biri olduğunu bildirib. Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva “Əjdər Ələsgərzadənin Azərbaycan epiqrafika elminin tədqiqindəki rolu” mövzusunda simpoziumun açılış məruzəsini təqdim edib.
Simpoziumun 8 bölmə iclasında müxtəlif mövzularda məruzələr dinlənilib. Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda Narlı Pir məzarlığı və Hacı İzzəddin Şirvani Türkmani”, AMEA Memarlıq və İncəsənət İnstitutundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “İraqın milli simvolu xurma ağacının təsviri sənətdəki insanla bağlılığı”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutundan fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Müasir dövrdə Türk mədəniyyətinin inkişafının çözüm yolları və Ziya Gökalp”, AMEA Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova “Dr. Sabah Kərküklünün ‘Arzu-Qəmbər’ hekayəsi və şifahi ənənə”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuad “Şəhriyar və İraq-Kərkük ədəbiyyatı”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mədəniyyət və İncəsənət Universitetindən sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli “Tuğ Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun mədəni irsi”, Naxçıvan Dövlət Universitetindən tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli “Azərbaycan xalqının mədəni irsinə aid nadir nümunələrdən: Urud qəbir abidələri”, “Azərbaycan Məktəbi” jurnalı redaksiyasından tədqiqatçı Arzu Həsənli “Bakı şəhəri nümunəsində ibtidai sinif şagirdlərinin sosial media savadlılığı səviyyəsi”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyindən tarix elmləri doktoru, professor Nərgiz Əliyeva “Oxuduğu yazılarda xəta tapmaq mümkün olmayan Əjdər Ələsgərzadə”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Azərbaycan-Kərkük ədəbi əlaqələri mətbuat səhifələrində”, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova və Fidan Quluzadə “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük fəlsəfəsi”, tədqiqatçı Faiq Nəsibov isə “Sofi Həmid ocağının tarixi kökləri və ayinləri” mövzularında məruzələrlə çıxış etmişlər.
Simpoziumun ikinci günündə Zirvə Araşdırmalar və İnkişaf Mərkəzinin konfrans zalında Kərkükdən olan türkman alimlər - Prof. Dr. Çoban Uluxan Bəşirli, Necat Kövsəroğlu, Aydın Kərküklü və Prof. Dr. Şahin Abbas Çələbinin iştirakı ilə Türkiyə və Azərbaycan alimlərinin genişləndirilmiş iclası keçirilib. İclasda gələcəkdə birgə elmi tədqiqat işlərinin görülməsi, yayımlanması və mədəni irsin konservasiyası mövzularında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Səfər çərçivəsində Azərbaycanlı alimlər Ərbil şəhərində Ərbil qalası, Müzəffəriyyə minarəsi və Atabəy Müzəffərəddinin qəbir abidəsini, Kərkük şəhərində Kərkük qalası, Bağdad xatun türbəsi, Ulu Cami, Elxani məscidi, Türk şəhidliyi, Süleymaniyyə şəhərində isə İraqın ikinci ən böyük muzeyi olan Süleymaniyyə Muzeyi, tarixi Mərkəzi Bazar və Kürd İrsi Muzeyini ziyarət ediblər. Həmçinin Kərkük Universitetində Humanitar Elmlər və Təhsil Fakültəsinin dekanı professor Dr. Fərhad Əziz Mühiddin və Türk Dili və Ədəbiyyatı kafedrasının müdiri professor Dr. Həmdi Bəşirli ilə görüşlər keçirilib. Universitetin kitabxanasına “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və MİMTA nəşriyyatının nəşrləri hədiyyə edilib.