Xəbərlər 30.05.2025 11:45 108

Daxildə birlik, xaricdə etibar – Azərbaycanın müstəqillik formulu

28 May – Respublika Günü münasibətilə ABŞ-ın Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu, Azərbaycanın daxili sabitliyinin və beynəlxalq münasibətlərdə qazandığı etimadın açıq göstəricisidir. Bu məktub təkcə bir diplomatik jest deyil – bu, Azərbaycan dövlətinin milli iradəyə, daxili həmrəyliyə və müstəqil siyasətə əsaslanan mövqeyinin qlobal miqyasda tanınmasıdır.

Azərbaycan bu gün regionda təkcə iqtisadi və hərbi imkanları ilə deyil, ilk növbədə xalqla dövlət başçısı arasında möhkəm siyasi etimad və birliyə əsaslanan idarəetmə modeli ilə fərqlənir. 44 günlük Vətən Müharibəsində formalaşan bu milli birliyin davamlılığı ölkəmizə həm daxildə sabitlik, həm də xaricdə etibarlı tərəfdaş reputasiyası qazandırıb.

Azərbaycanın xarici siyasət kursu – hər hansı geosiyasi blokların və regional güc mərkəzlərinin təsirindən uzaq, yalnız milli maraqlar üzərində qurulan, balanslı və çoxşaxəli diplomatiyaya əsaslanır. Azərbaycan nə Rusiya təsir dairəsinin bir parçasıdır, nə də Qərb institutlarının kor-koranə izləyicisi. Əksinə, ölkəmiz regional sabitliyə və qarşılıqlı əməkdaşlığa töhfə verən, müstəqil qərarlar qəbul edən, qlobal tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmağa çalışan aktordur – və bu yanaşma real nəticələr verir.

Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub da bu yanaşmanın qiymətləndirildiyinin göstəricisidir. Onun prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində nəzərəçarpacaq irəliləyişlərlə müşayiət olunub. Trampın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək də bu dostluğun siyasi əsasını formalaşdırır.

Bayden administrasiyası dövründə münasibətlərdə müəyyən ehtiyatlılıq müşahidə olunsa da, bu, ikitərəfli əlaqələrin strateji əsaslarını dəyişmir. Azərbaycan-ABŞ münasibətləri enerji təhlükəsizliyi, beynəlxalq hüquq və təhlükəsizlik sahələrində uzunmüddətli ortaq maraqlara əsaslanır.

Bu gün Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə özünü sabit, öhdəliklərinə sadiq və müstəqil siyasət yürüdən bir dövlət kimi təsdiqləyib. Dövlətin dayanıqlılığı, xalqın öz rəhbərliyinə güvəni və yürüdülən rasional siyasət ölkəmizi beynəlxalq arenada etibarlı və hörmət olunan tərəfdaşa çevirib.

Bu münasibət rəsmi yazışmalardan daha dərin, qarşılıqlı hörmət və uzunmüddətli strateji baxışlara əsaslanan tərəfdaşlığa söykənir. Donald Trampın məktubu isə bu siyasi reallığın simvolik və aydın ifadəsidir.

 

Oğuz Mirzə

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Vitse-Prezidenti


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı