Zenfira Mustafayeva: “İaşə sektorunda qadınların rolu artmaqda davam edir”
"Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında ölkədə iaşə sektorunun inkişafından və qadınların bu sahədə artan rolundan danışıb.
QHT sədri qeyd edib ki, inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada, küçə-küçə yayılmış kiçik kafeteriyalar, qəlyanaltılar və restoranlar insanların sadəcə qidalanmaq üçün deyil, həm də istirahət və ünsiyyət üçün seçdiyi məkanlardır, xarici turistlər isə burada həm yerli təamlardan, həm də ətrafın gözəlliklərindən zövq alırlar:
"Bakı şəhərində və digər regionlarda turizm mərkəzlərinin, belə məkanların sayının artması turist axınının gün-gündən çoxalması səbəbindən bu sahəyə tələbatın çox olmasından irəli gəlir. Əlbətdə, belə məkanlarda ən çox çalışan qadınlardır. Belə məkanlarda çalışan qadınların əksəriyyəti müəyyən kurslar keçərək sertifikat alıblar. Peşə bacarıqlarına malik olan xanımlara daha çox tələbat olur. Qadınların işlə təminatı onların iqtisadi cəhətdən təmin olunmasına, ailə büdcəsinə öz töhfələrini verməyə, ailənin maddi təminatının artmasına səbəb olur. Məktəblərin yuxarı siniflərində peşə təmayüllü siniflərin təşkili də təqdirə layiqdir. Bu siniflərdə şagirdlər dərzilik, aşbazlıq ixtisaslarına yiyələnirlər. Bu günlərdə onlar ixtisas imtahanı verirlər və müvəffəqiyyət qazananlar sertifikatla təmin olunub, sonra turizm mərkəzlərində, iaşə ocaqlarında işlə təmin olunacaqlar. Həmçinin marketinq, mühasibatlıq və s. üzrə təhsil almış xanımlar da işlə təmin oluna bilərlər. Ölkəmiz inkişaf etdikcə yeni iş yerləri açıldıqdan sonra xanımlarımızın da sosial-iqtisadi durumu daha da yaxşılaşacaq".
Qeyd edək ki, Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, bu dövrdə kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Belə ki, Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 132 milyon 97.5 min manat təşkil edib ki, bu 2024-cü ilin I rübü ilə müqayisədə 17.5% çoxdur.
Pərvanə Fərhadqızı