Beynəlxalq təşkilat QHT-lər üçün layihə müsabiqəsi elan edir - AZƏRBAYCANDA
Tadamon Kraudfandinq Akademiyası Azərbaycanda layihə təkliflərinin qəbulu üçün müsabiqə elan edir.
QHT.az xəbər verir ki, Tadamon Kraudfandinq Akademiyası “Yoxsulluğun azaldılması üçün QHT-lərin səlahiyyətlərinin artırılması proqramı” çərçivəsində həyata keçirilir. Proqram İslam İnkişaf Bankının idarə etdiyi İnkişaf naminə İslam Həmrəyliyi Fondu tərəfindən maliyyələşdirilir, həmçinin BMT İnkişaf Proqramı və digər strateji tərəfdaşlar tərəfindən icra olunur.
Tadamon Kraudfandinq Akademiyası vətəndaş cəmiyyəti təşkilatlarının öz layihələri üçün maliyyə vəsaitləri cəlb etmək məqsədilə uğurlu kraudfandinq kampaniyasının hazırlanması, keçirilməsi üzrə bacarıq və potensiallarını gücləndirən təlim proqramıdır. Proqramın məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının öz layihə və ideyalarını alternativ üsullarla maliyyələşdirmək, öz icmalarını qurmaq, genişləndirmək, öz layihələrini daha çox tanıtmaq, tərəfdaşlar və donorlarla işləmək üçün onları nou-hau ilə təchiz edərək gücləndirməkdir. Proqram Humanitar Liderlik Akademiyasının qlobal təlim platforması olan Kaya platforması ilə tərəfdaşlıq şəraitində icra olunacaq.
Seçilmiş vətəndaş cəmiyyəti təşkilatları Akademiyada iştirak edərək, uyğunlaşdırılmış və çevik kurrikulum əsasında e-təlim alətləri və üzbəüz təlimlər vasitəsilə kraudfandinq kampaniyası hazırlayacaq. Kurrikulum vətəndaş cəmiyyəti təşkilatlarının təsirli innovativ layihələrini maliyyələşdirmək bacarıqlarını və qabiliyyətlərini gücləndirir, qrant əsaslı maliyyələşmədən maliyyə baxımından daha dayanıqlı alternativ maliyyələşmə üsullarına keçməyə imkan verir. Onlar dəyişiklik təşəbbüskarlarını dəstəkləyən icmaya qoşularaq, burada dünya səviyyəli milli və qlobal kraudfandinq, kopiraytinq, dizayn və sosial media ekspertlərinin təqdim etdiyi mentorluq dəstəyindən yararlanmaq imkanı əldə edəcəklər.
Proqram vətəndaş cəmiyyəti təşkilatlarının alternativ maliyyələşmə mənbələrindən uğurla istifadə edə bilməsi üçün onların bacarıqlarını yaxşılaşdırmaq və ehtiyaclarına cavab vermək məqsədilə uyğunlaşdırılır. Maraqlı və fəal təlimi təmin etmək üçün nəzərdə tutulan modullar kampaniyanın və kommunikasiya strategiyasının yaradılmasından tutmuş, maliyyə hədəflərinin təyin olunması, cəlbedici hekayələrin nəqli və vizual materialların, videoların hazırlanmasına qədər kraudfandinq layihələrinin hazırlanmasındakı əsas addımları əhatə edir. Proqram kraudfandinq, media və ictimaiyyətlə əlaqələr, sosial mediada kopiraytinq, dizayn və bir çox digər sahələr üzrə milli və qlobal ekspertləri bir araya gətirir. Tadamon proqramı İslam Əməkdaşlığı Təşkilatına üzv olan 15-dən artıq ölkədə 400-dən çox vətəndaş cəmiyyəti təşkilatının potensialını gücləndirib və iştirak edən təşkilatlar kraudfandinq vasitəsilə 2 milyon ABŞ dollarından artıq vəsait toplayıb.
Öz layihə və ideyası ilə Akademiyada iştirak üçün müraciət etmək istəyənlər 2023-cu il mayın 30-dək Tadamon platformasında təşkilatın profil hesabında ərizə formasını doldura bilərlər.