Xəbərlər 31.05.2025 22:25 163

Qlobal Cənub QHT Platformasının “Bakı Prinsipləri” BMT müzakirələrində diqqət mərkəzində olub

BMT baş qərargahındakı müzakirələrdə Qlobal Cənub QHT Platformasının “Bakı Prinsipləri” diqqət mərkəzindədir

2025-ci il mayın 30-da Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərində yerləşən baş qərargahında Birləşmiş Millətlər Sənaye İnkişafı Təşkilatının (UNIDO) təşkilatçılığı ilə “Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq” mövzusunda yan tədbir keçirilib. Tədbir BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Yüksək Səviyyəli Komitəsinin 22-ci sessiyası çərçivəsində baş tutub.
 

UNIDO-nun Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq Ofisinin nümayəndəsi Pradip Paulozun moderatorluğu ilə keçirilən panel müzakirələrində UNIDO-nun Nyu-York nümayəndəliyinin direktoru Ralf Bredel, BMT-nin Afrika üzrə Xüsusi Müşahidəçisi Ofisinin (UN-OSAA) Siyasət, Monitorinq və Təbliğat üzrə direktoru Jan-Pol Adam, Səudiyyə Ərəbistanın Məlumat və Süni İntellekt Təşkilatının süni intellekt strategiyası üzrə baş müşaviri Dr. Fərhad Əl-Bəlavi çıxış ediblər.


Müzakirələrdə iştirakçılar tərəfindən Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində sənaye inkişafı, süni intellektin tətbiqi, davamlılıq və qeyri-hökumət təşkilatlarının artan rolu kimi mövzulara toxunulub, real təcrübələr və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.


Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Azərbaycanın Qlobal Cənub regionunun vətəndaş cəmiyyəti təsisatları ilə əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O, 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının baş tutduğunu diqqətə çatdırıb. Qlobal Cənub regionu üzrə 116 ölkədən olan QHT-lər Azərbaycanda ortaq baxışı formalaşdırmaq üçün bir araya gəliblər, yekunda “Bakı Prinsipləri” qəbul olunub. COP29-un təməlində kök atan bu platforma Qlobal Cənubun kollektiv səylərini gücləndirir.


Qeyd edək ki, tədbirin moderatoru  P.Pauloz 2025-ci ilin aprel ayında Bakıda keçirilmiş Qlobal Cənub QHT Platformasının təsis konfransında iştirak edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı