Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birliyin təcəssümüdür. Bu möhtəşəm Qələbə xalqımızın illərlə qəlbində yaşatdığı Qarabağ həsrətinə son qoyan, dövlətimizin qüdrətini, Ordumuzun döyüş əzmini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirən tarixi hadisədir.
Bu Zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və dəmir iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı, peşəkarlığı, eləcə də xalqımızın öz rəhbərinin və ordusunun ətrafında yumruq kimi birləşməsi müstəsna rol oynadı. Ön cəbhədə vuruşan əsgər və zabitlərimizin şücaəti, arxa cəbhədə gecə-gündüz çalışan insanların fədakarlığı Qələbəmizin ayrılmaz tərkib hissəsinə çevrildi.
Mənim üçün bu Zəfər yalnız bir tarixi hadisə deyil, həm də həyatımın ən məsuliyyətli və unudulmaz səhifələrindən biridir. Birinci Qarabağ Vətən müharibəsinin iştirakçısı olaraq torpaqlarımızın işğalının ağrısını yaşamış, illərlə Qarabağ həsrəti ilə nəfəs almışam. Yaşımın çox olmasına baxmayaraq, 44 günlük İkinci Qarabağ Vətən müharibəsi başlayanda da Vətənə xidmət borcumu yerinə yetirmək üçün könüllü olaraq döyüşlərə qatıldım. Rəhbərlik etdiyim Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) Xüsusi Təyinatlı Həmlə Kəşfiyyat-Diversiya Qrupunun rəhbəri kimi döyüş yolu keçərək müqəddəs Şuşa şəhərinədək gedib çatdım.
Bu yol mənim üçün sadəcə döyüş yolu deyildi. Bu, illərlə qəlbimizdə daşıdığımız Vətən sevgisinin, torpaq həsrətinin və milli məsuliyyətin ifadəsi idi.
İKİ ŞƏHİD BAYRAĞI İLƏ ŞUŞAYA GEDƏN YOL...
44 günlük Vətən müharibəsinə yollanarkən özümlə iki ədəd Şəhid Bayrağı götürmüşdüm. Bu bayraqları özümlə aparmağımın xüsusi bir səbəbi var idi. Düşünürdüm ki, əgər Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaq mənə qismət olarsa, nəşimin həmin müqəddəs bayraqlardan birinə bükülməsini istəyirdim.
Şəhidlik məqamı mənə qismət olmasa da, Allah mənə başqa bir müqəddəs arzumu gerçəkləşdirməyi nəsib etdi.
Həmin iki bayrağı doğma Şuşamıza çatdırdım. Onlardan birini Azərbaycanın qəhrəmanlıq və qürur simvoluna çevrilmiş Cıdır düzündə, digərini isə ana yurdum olan Şuşada öz evimizin qarşısında ucaltdım.
Mən hər zaman çıxışlarımda, məqalələrimdə və ictimai fəaliyyətimdə bir arzumuzu dilə gətirirdim:
«Gün o gün olsun ki, üçrəngli, al bayrağımızı Şuşanın ən uca zirvələrində dalğalandıraq!»
Şükürlər olsun ki, Uca Allah bizə həmin tarixi günləri yaşamağı nəsib etdi. Bir zamanlar həsrətlə arzuladığımız, uğrunda mübarizə apardığımız gün gəlib çatdı. Şuşada Azərbaycan bayrağının dalğalanmasını öz gözlərimlə görmək, onu Cıdır düzündə və doğma evimizin qarşısında ucaltmaq mənim həyatımın ən unudulmaz, ən qürurlu anlarından biri oldu.
Bu, mənim üçün sadəcə bayraq ucaltmaq deyildi. Bu, şəhidlərimizin ruhuna ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, doğma torpağa qovuşmağın və illərlə ürəyimizdə yaşatdığımız bir arzunun gerçəkləşməsinin ifadəsi idi.
Mən Şuşaya iki Şəhid Bayrağı ilə getmişdim. Allah mənə həmin bayraqları şəhid tabutuna deyil, azad Şuşamızın zirvələrinə ucaltmağı nəsib etdi. Bundan böyük xoşbəxtlik və qürur nə ola bilər?!
DAVİB VƏ VMGİB – ÖN CƏBHƏDƏ ƏSGƏRİMİZİN YANINDA!
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlətdir. Bizim borcumuz yalnız qazanılmış Zəfərlə fəxr etmək deyil, həm də bu Zəfərin hansı ağır sınaqlardan, hansı fədakarlıqlardan keçərək əldə edildiyini unutmamaqdır.
Eyni zamanda, 44 günlük Qarabağ Vətən müharibəsi başlanan andan Şuşamız azad olunandan da bir neçə günlərədək, rəhbərlik etdiyim Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyi (DAVİB) və təsisçisi olduğum Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) ilə birgə, 4 istiqamətdədə yaratdığımız qruplar müharibə dövründə öz vətəndaşlıq və vətənpərvərlik missiyasını layiqincə yerinə yetirməyə çalışdı.
Döyüşlərin ən qızğın vaxtlarında, təhlükələrə baxmayaraq, hər iki ictimai birliyin (QHT) iştirakı və birgə səyləri ilə ön cəbhədə vuruşan əsgər və zabitlərimizə, o cümlədən Şuşa istiqamətində döyüşən hərbçilərimizə humanitar yardımların çatdırılması istiqamətində mühüm işlər görüldü.
Bizim üçün həmin günlərdə ən böyük mənəvi mükafat əsgərimizin yanında olmaq, onun ehtiyacına dəstək göstərmək və Vətən uğrunda mübarizəyə öz töhfəmizi vermək idi.
İnanırdıq ki, cəbhədə silahı ilə döyüşən əsgərimiz nə qədər müqəddəs iş görürsə, arxa cəbhədə ona dəstək olan hər bir insan da bu mübarizənin ayrılmaz iştirakçısıdır. Çünki Vətən müharibəsində Qələbə yalnız səngərdə deyil, xalqın birliyi, həmrəyliyi və fədakarlığı ilə qazanılır.
DAVİB və VMGİB olaraq bizim əsas məqsədimiz hər zaman milli-mənəvi dəyərlərimizi qorumaq, Vətənə sədaqətli gənclər yetişdirmək, dövlətimizin və xalqımızın maraqlarına xidmət etmək olub. 44 günlük Vətən müharibəsində isə bu amalımızı əməli fəaliyyətimizlə təsdiqləməyə çalışdıq.
ZƏFƏRİMİZ ƏBƏDİ, ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ ƏZİZ OLSUN!
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və ordumuzun birliyinin nəticəsidir. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, diplomatik fəaliyyəti və Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq Zəfərimizin tarixi əsaslarını təşkil edir.
Bu gün Zəfər Gününü qeyd edərkən ilk növbədə canlarını Vətənə fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Mən bu tarixi həm Birinci, həm də İkinci Qarabağ Vətən müharibəsinin iştirakçısı və veteranı kimi böyük qürur hissi ilə yaşayıram. Çünki biz Qarabağın işğalını da gördük, azadlığı uğrunda mübarizə apardıq və nəhayət, üçrəngli Azərbaycan bayrağının doğma torpaqlarımızda dalğalanmasının sevincini yaşadıq.
Bu gün hər bir azərbaycanlının qəlbində Zəfər Gününün özünəməxsus yeri var. Kimi övladını Vətənə qurban verdi, kimi doğmalarını itirdi, kimi səngərdə döyüşdü, kimi arxa cəbhədə əsgərimizə dəstək oldu. Amma hamımızı bir amal birləşdirdi: Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın azadlığı!
Zəfər Günü bizə bir daha sübut etdi ki, xalq, dövlət və ordu bir amal ətrafında birləşəndə qarşısıalınmaz qüvvəyə çevrilir.
Bu gün də hər birimizin üzərinə düşən əsas vəzifə qazanılmış Zəfəri qorumaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, gənc nəsildə Vətənə, dövlətə və milli dəyərlərimizə sədaqət ruhunu gücləndirməkdir.
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Yaşasın xalqımızın birliyi və həmrəyliyi!
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Hörmətlə,
Nəsimi Qarabağlı Novruz oğlu Həsənov
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti,
1 ci və 2 ci Qarabağ Vətən müharibələrinin iştirakçısı – veteran










