9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə

Azərbaycan xalqının tarixində elə müqəddəs dəyərlər var ki, onlar yalnız bir dövlətin rəmzi deyil, bütöv bir xalqın milli kimliyini, azadlıq iradəsini, tarixi yaddaşını və gələcəyə olan inamını özündə yaşadır. Dövlət Bayrağımız da məhz belə müqəddəs dəyərlərimizdəndir.

9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur, şərəf və iftixar günüdür. Üçrəngli bayrağımızın 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul edilməsi xalqımızın dövlətçilik tarixində mühüm hadisə olmuşdur. Bu bayraq müstəqillik ideallarımızın, milli özünüdərkin və azad yaşamaq istəyimizin təcəssümüdür.

Bayrağımızın hər rəngi dərin məna daşıyır: mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığımızı ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli dövlətçilik rəmzlərimizin ayrılmaz hissəsidir.

Bu gün üçrəngli bayrağımız ölkəmizin hər bir guşəsində, beynəlxalq tədbirlərdə və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın qəlbində qürurla dalğalanır. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın mübarizə əzminin, milli birliyinin və dövlət müstəqilliyimizin təntənəsinə çevrilmişdir.

Bu müqəddəs bayrağın mənim ailəm üçün də xüsusi və unudulmaz bir mənəvi dəyəri var. Atamın 44 günlük Vətən müharibəsi zamanı Şuşanın tarixi Cıdır düzündə üçrəngli Azərbaycan bayrağını ucaltması bizim ailəmizin qürur mənbəyidir. Həmin bayraq bu gün də evimizin ən gözəl və xüsusi guşəsində müqəddəs bir yadigar kimi qorunub saxlanılır. Çünki bu bayraq bizim üçün sadəcə Dövlət rəmzi deyil, Vətənə sevginin, mübarizənin, Zəfərin və şəhidlərimizin əziz xatirəsinin təcəssümüdür. Mən bir gənc olaraq fəxr edirəm ki, atamın Vətənə xidmət yolu və bayrağımıza olan sevgisi bizim ailəmizdə gələcək nəsillərə ötürülən mənəvi mirasdır.

Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərimizdə dalğalanan Azərbaycan bayrağı şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin qəhrəmanlığına və Vətən uğrunda mübarizə aparan hər bir insanın fədakarlığına ehtiramın ifadəsidir.

Biz inanırıq ki, dövlət bayrağına hörmət yalnız onu ucaltmaqla bitmir. Bayrağa hörmət etmək dövlətinə sahib çıxmaq, milli dəyərlərini qorumaq, tarixini bilmək, dilini sevmək və gələcək nəsillərə vətənpərvərlik ruhu aşılamaq deməkdir.

Xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi, onlarda dövlətçilik düşüncəsinin, vətənə bağlılığın və vətəndaş məsuliyyətinin formalaşdırılması bu gün hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi olaraq fəaliyyətimizin əsas istiqamətlərindən birini məhz bu ali məqsədə xidmət etmək təşkil edir. Biz hesab edirik ki, bayrağını sevən, tarixini bilən, dövlətinə və xalqına bağlı olan gənclik Azərbaycanın sabahının ən böyük təminatıdır.

Unutmamalıyıq ki, bayraq bir xalqın şərəfidir. O, şəhid qanı ilə ucalan, qəhrəmanlıqla qorunan, nəsillərdən-nəsillərə ötürülən müqəddəs əmanətdir.

Bu əmanəti qorumaq, daim yüksəklərdə dalğalandırmaq hər birimizin mənəvi borcudur!

Dövlət Bayrağı Günümüz mübarək olsun! Üçrəngli bayrağımız daim ucalarda dalğalansın!

Aysunay Həsənova
Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) prezidenti