İstənilən dövlətdə vətəndaş cəmiyyətinin hüquqi dövlət quruculuğunda rolu əvəzedilməzdir. Azərbaycan dövləti vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində ciddi addımlar atıb və müsbət nəticələr əldə edib. 


Hüquqi dövlət anlayışının əsas komponentlərindən sayılan vətəndaş cəmiyyəti quruculuğu ölkəmizdə mühüm tarixi inkişaf yolu keçib. 1990-ci ildən bəri vətəndaş cəmiyyəti institutları bu yolda bəzi problem və çatışmazlıqlarla üzləşsələr də, ciddi uğurlara da imza atdı. 

Müstəqillik illərində Azərbaycanda inkişafın bir neçə mərhələsindən keçən vətəndaş cəmiyyəti institutları cəmiyyətin demokratik transformasiyası prosesi və ictimai həyatın vacib institutlarından birinə çevrildilər. 

Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər təşkilatlardan ibarət III sektor formalaşdı. Nəticədə 27 iyul 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi. Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yeni perspektivlər açan bu konsepsiyanın qəbul edilməsi III sektorun böyük tarixi uğuru, Azərbaycan dövlətinin isə demokratik inkişaf yolunda irəliyə atılmış mühüm addımı kimi qiymətləndirilə bilər. Nəhayət, dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına tam dəstək ifadə edildi və III sektor tamhüquqlu tərəfdaş elan oldu.


Bu gün də Azərbaycanda demokratik dövlətin əsas göstəricilərindən sayılan vətəndaş cəmiyyəti institutlarının inkişaf səviyyəsi Avropa və ümumilikdə Qərbin hər hansı ölkəsinin müvafiq qurumlarının səviyyəsindən heç də aşağı deyil. Əksinə, bir sıra göstəricilərinə, məsələn, çoxtərəfli və əhatəli dövlət dəstəyinə görə, Azərbaycan bu sahədə bir çox inkişaf etmiş Avropa ölkələrini üstələyib. Bu isə, ilk növbədə, dövlətin ölkədə vətəndaş cəmiyyəti institutlarını yüksək səviyyədə formalaşdırmaq əzmindən irəli gəlib.

 

Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsləri ilə həm dövlət, həmdə beynəlxalq təşkilatlar razılaşırlar. QHT-lərin istər ölkə daxilində, istərsə də müxtəlif beynəlxalq platformalarda qaldırdıqları məsələlər ciddi beynəlxalq rezonans doğurur. Hazırda bir sıra beynəlxalq qurumlarda Azərbaycan vətəndaş cəmiyyətinin  onlarla xarici ölkə QHT-ləri tərəfindən bu təşəbbüslərə reaksiya, dəstək mesajları göndərilir.  Qısacası digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti institutlarının səsi yalnız ölkə daxilində deyil, Azərbaycan hüdudlarından kənarda da yüksək səslənir. 

QHT-lərin 44 günlük Vətən Müharibəsində göstərdikləri fəaliyyəti də unutmaq olmaz. Azərbaycan QHT-sinin Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi qələbəmizə verdiyi töhfə, ordumuza və cəbhəyanı ərazidə yaşayan soydaşlarımıza göstərdiyi dəstək, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara və xarici ölkələrin rəhbərlərinə operativ şəkildə ünvanladığı müraciətlər və sosial media platformalarındakı fəaliyyəti də kifayət qədər uğurlu oldu.  Hansı ki, ölkənin aktiv vətəndaş cəmiyyəti institutları həmin fəaliyyəti bu gün də uğurlu şəkildə davam etdirir. Beləki, Ermənistanın dağ-mədən sənayesindəki yaratdıqları ekoloji təhlükələrlə əlaqədar  ekoloji QHT-lərin beynəlxalq müraciətlərə ünvanlanmış müraciətlərinə müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutlarından dəstək gəldi. 

Bir sıra xarici ekoloji qeyri-hökumət təşkilatları azərbaycanlı həmkarlarına dəstək nümayiş etdirərək, müxtəlif müraciət və bəyanatlarla çıxış etdilər.  QHT-lərin bu təşəbbüsünə ölkə başçısı İlham Əliyevin reaksiyası da özünü çox gözlətmədi.  Bu il iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə  cənab prezident tərəfindən QHT sektorunda yaranan canlanmanın xüsusilə qeyd edilməsi, vətəndaş cəmiyyətinin həssas məqamlarda doğru fəaliyyətini bir daha təsdiqləmiş oldu. Dövlət başçısı İlham Əliyev qeyd edib ki: “Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin” (https://president.az/az/articles/view/60429).  

Göründüyü kimi, vətəndaş cəmiyyətinin təşəbbüsləri hökumət qarşısında konkret tapşırıqlar şəklində davam etdirilir. Bu, uzun illərdir arzusunda olunan QHT sektorunun inkişaf səviyyəsindən, bu sahədə dövlət tərəfindən aparılan islahatların artıq nəticələr verməsindən soraq verir. 

Bunun ardınca, Laçın-Xankəndi yolunda həyata keçirilən uzunmüddətli aksiyada QHT-lərin irəli sürdükləri ciddi mövqe artıq vətəndaş cəmiyyəti institutlarının regional müstəvidə əhəmiyyətli aktora çevrildiyinin və milli maraqların müdafiəsi müstəvisində təsdiqi idi. 


Prezident İlham Əliyev tərəfindən səsləndirilən bu fikir vətəndaş cəmiyyəti təşkilatları - dövlət münasibətlərinin uğurlu modelinin formalaşmasının yeni mərhələsinin konturlarının ilkin göstəriciləri idi. Hansı ki, həmin çizimlər bir müddət sonra erməni yalanının dünyaya çatdırılmasında yeni mərhələnin başlanğıcı kimi irəlilədi. 

 

Azərbaycan QHT-lərinin təşəbbüsü ilə həm Gürcüstan, həm də Avropa QHT-lərinin Ermənistanın bütün Cənubi Qafqazın ekosisteminə ziyan vurması barədə beynəlxalq səviyyədə müraciət yayıldı. Onun ardınca Azərbaycan QHT-ləri Ermənistanın baş nazirinə müraciət edərək, rəsmi İrəvanı ətraf mühit məsələlərində məsuliyyətli olmağa çağırdılar. Azərbaycan QHT-lərinin qaldırdığı məsələlərin sübutlara əsaslandığını görən gürcü həmkarlarımız da bu müraciətə qoşuldu.  Azərbaycan QHT-ləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə, BMT-yə ünvanlanan müraciətlər formasında uğurlu fəaliyyət nümayiş etdirdi. Artıq QHT sektoru bir çoxlarına heç də “qrant yeyən”, “araqatan”, “yalan informasiya yayan”, “ələbaxan” olmadıqlarını sərgilədilər. 

 

İndi isə adını təmizləyən vətəndaş cəmiyyəti institutlarının özlərini inkişaf etdirməsinin, bacarıqlarının artırılmasının, QHT fəlsəfəsinə uyğun olaraq, cəmiyyəti narahat edən ciddi problemləri gündəmə gətirməsi, dövlət qarşısında önəmli problemləri qaldırması, onun həllində birgə fəaliyyəti təmin etmək mərhələsi gəlir ki, burada da güclü iradə nümayiş etdirmək, öz üzərində çalışmaq və inkişaf etmək lazım gələcək.  

 

Bu yol təbii ki, ağrısız ötüşməyəcək, rəqabətə davam gətirməyən, bəzən “rekert mətbuat” kimi “reket QHT” terminini formalaşdırmaqdan çəkinməyənlər də   geri çəkilməli olacaqlar.  

Ölkədən kənarda oturub ölkə problemlərindən “danışanlar” daha önəmli məsələləri görməməzlikdən gəlib, aidiyyətsız mövzularda meydanlarda peyda olanlar,  avantürist iddiaları ilə şəhid ruhlarını təhqir edənlər, bilərəkdən və ya bilməyərəkdən dövlət maraqlarına zərbə vuraraq arxa plana atılmasına səbəb olanlar bilməlidirlər ki, yeni mərhələdə bu kimi “özfəaliyyətlərlə” uğur qapısını açaraq, “şou” yaratmaq mümkün olmayacaq. 

30 ilə yaxın yol gəlmiş Azərbaycan vətəndaş cəmiyyətinin müəyyən çətinlikləri olsa da, böyük potensialı var və bu uğurlar davam etməlidir. Güclü Azərbaycan naminə, professional QHT-lərin fəaliyyətinə kölgə salan  “şoumen QHT”lər üçün isə artıq zaman son akkordlarını səsləndirir. 

 

Vüsalə Hüseynli

“İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin sədri