Avqustun 25-27-də Naftalan şəhərində “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” çərçivəsində təlimlər icra olunub.
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə QHT.az-a açıqlmasında bildirib ki, bu proqram Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir: “Region təşkilatı olaraq Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin də bu təlimdə iştirakı çox faydalı oldu. Təlimdə layihələrin yazılması zamanı təşəbbüslərin seçimi, layihə fəaliyyətlərinin səmərəli, effektiv və ədalətlilik prinsiplərinə əsaslanmasının zəruriliyi barədə müvafiq biliklər əldə etdik. Üç günlük təlim aktiv diskussiya şəraitində keçib. Təlim üçün seçilmiş məkan və yüksək səviyyədə təşkilatçılıq, vətəndaş cəmiyyətinin əsas hissəsi hesab olunan Qeyri-Hökumət Təşkilatları arasında dostluq şəbəkəsinin möhkəmlənməsi və əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli mühit yaradıb”.
QHT sədri bildirib ki, bu təlimlər Vətəndaş Cəmiyyətinin inkişafına əsl töhfədir: “Çünki əldə olunan müvafiq biliklər QHT-lər tərəfindən yerli və beynəlxalq donorlara müraciət üçün tətbiq olunmaqla yanaşı ölkəmizin milli prioritetlərinə əsaslanaraq sosial-iqtisadi inkişafa xidmət edəcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik”.
Pərvanə Fərhadqızı












