Avropa İttifaqının (Aİ) Haitidə yeni investisiya təşəbbüsü ölkədə narahatlıqlara səbəb olub. Aktivistlər hesab edirlər ki, Aİ-nin uzunmüddətli infrastruktur və mədən layihələrinə diqqət ayırması Haitinin təcili humanitar ehtiyaclarını kölgədə qoya bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Aİ iyunun sonunda Port-o-Prensdə investisiya forumu keçirib və bundan sonra “Global Gateway” təşəbbüsü çərçivəsində Haitidə layihələrin hazırlanmasına başlayıb. Təşəbbüs Avropanın təchizat zəncirlərini gücləndirmək və inkişaf etməkdə olan ölkələrə investisiya imkanları yaratmaq məqsədi daşıyır.
“Global Gateway” çərçivəsində rəqəmsal şəbəkələr, enerji, nəqliyyat, təhsil və səhiyyə kimi sahələrə investisiyalar nəzərdə tutulur. Lakin Haitidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti qrupları ölkənin hazırkı vəziyyətində əsas prioritetin humanitar yardım olması qənaətindədir.
GAFE təşkilatının nümayəndəsi Virginie Pochon bildirib ki, yaxın aylarda Haiti üçün humanitar yardımdan daha çox və ya onunla yanaşı infrastruktur və mədənçilik əsaslı layihələrin həyata keçirilməsindən narahatdırlar. Aktivistlər xarici investisiyaların ölkənin təbii sərvətlərindən istifadəyə yönəlməsi və yerli əhalinin ehtiyaclarının ikinci plana keçməsi riskini vurğulayırlar.






