Şərqi Afrika ilin sonuna doğru Sakit okeanın tropik hissəsində dəniz suyunun səth temperaturunun normadan artıq isinməsi ilə yaranan təbii iqlim hadisəsi olan El Nino hadisəsinin təsirlərinə hazırlaşır. Humanitar təşkilatlar isə maliyyə çatışmazlığının mümkün daşqınlar və əhali köçü ilə bağlı hazırlıqları məhdudlaşdırdığını bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) iyul ayında El Niño hadisəsini “güclü” kimi qiymətləndirib. Hadisənin güclənməkdə davam etdiyi və qlobal iqlim şəraitinə təsir göstərəcəyi gözlənilir. El Niño dünyanın bir çox bölgəsində temperaturun yüksəlməsinə və yağıntı rejiminin dəyişməsinə səbəb ola bilər.
Şərqi Afrikanın narahatlığı regionun əvvəlki El Niño təcrübəsi ilə bağlıdır. 2023-cü ildə 5,2 milyondan çox insan güclü yağış və daşqınlardan zərər çəkib, təxminən 2 milyon insan isə məcburi köçkün düşüb.
Humanitar təşkilatlar bu dəfə daha az maliyyə ilə fəaliyyət göstərdiklərini və buna görə daşqınlara hazırlıq imkanlarının məhdud olduğunu vurğulayırlar. Onların fikrincə, vaxtında maliyyələşmə, erkən xəbərdarlıq sistemləri və təxliyə planlarının hazırlanması mümkün itkilərin azaldılması üçün böyük əhəmiyyət daşıyır.






