“Google” Avropa İttifaqının (Aİ) narazılığına səbəb olan spam siyasətində dəyişiklik edib. Şirkət bu addımla mümkün antitrest cəriməsinin qarşısını almağa çalışır.
QHT.az xarici mediaya istinadən bildirir ki, Aİ-nin monitorinqi “Google”un sayt reputasından sui-istifadəyə qarşı siyasətinin bəzi xəbər və nəşriyyat saytlarının axtarış nəticələrində mövqeyinin aşağı düşməsinə səbəb olduğunu göstərib. Problem əsasən saytlarda kommersiya tərəfdaşlarına aid üçüncü tərəf məzmununun yerləşdirilməsi ilə bağlıdır.
“Google” bildirib ki, avqustun 30-dan etibarən saytların reytinqini aşağı salan bəzi manual tədbirlər Aİ-nin 27 ölkəsində, həmçinin İslandiya, Norveç və Lixtenşteyndə tətbiq edilməyəcək. Dəyişiklik Avropa İqtisadi Zonasından kənarda qüvvədə qalacaq.
Avropa Komissiyası “Google”un bu siyasəti ilə bağlı Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində araşdırma aparır. Komissiya yeni siyasətin DMA tələblərinə uyğunluğunu izləyəcəyini açıqlayıb.
DMA qaydalarının pozulması şirkətlərə dünya üzrə illik dövriyyələrinin 10 faizinə qədər cərimə tətbiq edilməsinə səbəb ola bilər.






