Afrikada fəaliyyət göstərən çoxmillətli maliyyə qrupu olan "TDB Group" son illərdə regional bankçılıq fəaliyyətindən daha geniş maliyyə qrupuna çevrilib. Qrupun fəaliyyət coğrafiyası genişlənib, yeni biznes istiqamətləri yaradılıb və maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə artıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Admassu Tadesse 2012-ci ildə, o vaxt PTA Bank adlanan quruma rəhbər gəldikdə, bankda xəzinədarlıq, risklərin idarə edilməsi və uyğunluq bölmələrinin olmadığını bildirib. İlk mərhələdə əsas diqqət bu struktur və idarəetmə sistemlərinin qurulmasına yönəldilib.
Daha sonra TDB Group yeni biznes sahələrinə və ölkələrə daxil olaraq balansını böyüdüb. 2022-ci ildə Keniyanın paytaxtı Nayrobidə əməliyyat mərkəzi və Mavrikidə baş qərargah istifadəyə verilib.
Qeyd olunur ki, TDB Group-un transformasiyasında əsas məqsəd əvvəlcə güclü idarəetmə və risk sistemləri yaratmaq, daha sonra isə mərhələli şəkildə genişlənmək olub. Qrup hazırda regional bank modelindən daha böyük və çoxşaxəli maliyyə qurumuna çevrilmə yolunu davam etdirir.






