Çəkinizdən üz ifadələrinizə və getdiyiniz ünvanlara qədər müasir avtomobillər sizin haqqınızda çoxlu məlumat toplayır. Bu məlumatlar hətta sığorta ödənişlərinizin artmasına səbəb ola bilər.
QHT.az xarici mediaya istanadən xəbər verir ki, müasir avtomobillər internetə qoşulan kompüterlərə çevrilib. İstehsalçılar məxfilik siyasətlərində etiraf edirlər ki, avtomobillər dəqiq yerləşmə məlumatı, sürücülük vərdişləri, avtomobildə kimlərin olduğu, radioda səslənən musiqilər, təhlükəsizlik kəmərinin istifadəsi kimi məlumatları toplaya bilir. Bəzi modellər isə çəki, yaş, üz ifadələri kimi əlavə məlumatları da qeydə alır. Daxili kameralar və internet bağlantısı sayəsində bu məlumatlar şirkətlərə ötürülür.
Mütəxəssislərin sözlərinə görə, toplanan məlumatlar insanların həyatını demək olar ki, saniyə-saniyə yenidən qurmağa imkan verir. Bu məlumatların əsas alıcılarından biri sığorta şirkətləridir və onlar sürücülərin risk səviyyəsini müəyyənləşdirərək qiymətləri dəyişə bilirlər. Lakin istifadəçilər məlumatlarının kimlərə satıldığını çox vaxt bilmirlər.
Bununla yanaşı, internetə qoşulan avtomobillər daha rahat və təhlükəsiz sürüş təmin edə, yaxşı sürücülərə daha aşağı sığorta haqqı qazandıra bilər.
Şirkətlər məlumat toplamaq üçün istifadəçilərin razılığını aldıqlarını bildirsələr də, bu razılıq adətən avtomobilin sistemini və ya mobil tətbiqini quraşdırarkən uzun məxfilik şərtlərinin qəbul edilməsi ilə əldə olunur.
Mütəxəssislər hesab edirlər ki, istifadəçilər öz məlumatlarına daha çox nəzarət etməli, şirkətlər isə bu məlumatlardan istifadə üçün açıq və şüurlu razılıq almalıdır. Əks halda, avtomobillər vasitəsilə şəxsi məlumatların toplanması daha da genişlənəcək.
Zəhra Mansırova






