Böyük texnologiya şirkətləri süni intellektlə dəstəklənən kiberhücumların yaxın aylarda daha da genişlənə biləcəyi barədə xəbərdarlıq ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, OpenAI, Anthropic, Microsoft, Alphabet və Amazon daxil olmaqla 100-dən çox şirkət birgə məktub yayaraq dövlət və özəl sektoru kibermüdafiəni gücləndirməyə çağırıb. Şirkətlər rəqəmsal dünyanın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud resurs və texnologiyalardan daha fəal istifadə edilməsini istəyiblər.

Məktubda qeyd olunub ki, süni intellekt modelləri inkişaf etdikcə, kibercinayətkarların bu texnologiyadan istifadə etmə imkanları da artır. Şirkətlər hökumətlərdən daha güclü süni intellekt modellərinə etibarlı çıxış proqramlarını sürətləndirməyi, digər təşkilatlardan isə kibertəhlükəsizliyi əsas prioritetə çevirməyi tələb ediblər.

İyun ayında ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadan ibarət “Five Eyes” alyansı da süni intellektin kibertəhlükəsizliyi əsaslı şəkildə dəyişdirə biləcəyi barədə xəbərdarlıq etmişdi.