Almaniyanın inkişaf yardımlarının ölkə iqtisadiyyatına da müsbət təsir etdiyi müəyyənləşdirilib. Göttingen Universitetinin araşdırmasına görə, 2005–2024-cü illərdə inkişaf əməkdaşlığına xərclənən hər 1 avro Almaniyanın əlavə 2,50 avro ixrac etməsi ilə əlaqələndirilib. Yardımların ölkədə təxminən 380 min iş yerinin dəstəklənməsinə töhfə verdiyi bildirilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, ikitərəfli yardımın 10 faiz artırılması Almaniya ixracının 1,1 faiz artması ilə əlaqələndirilib. Oxşar nəticələr Danimarka, Niderland, Norveç və İsveçdə də müşahidə olunub.

Bununla belə, araşdırma yardımın ixrac artımına birbaşa səbəb olduğunu sübut etmir. Tədqiqatçılar yalnız yardım və ixrac arasında güclü statistik əlaqə müəyyən ediblər.

Ekspertlər isə nəticələrə tənqidi yanaşaraq bildirirlər ki, inkişaf yardımları yalnız donor ölkəyə gətirdiyi iqtisadi gəlirlə qiymətləndirilməməlidir. Yardım alan ölkələrin iqtisadi və sosial inkişafı da əsas meyar olmalıdır.