Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova Vətən müharibəsinin iyirmi səkkizinci günü – 24 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.
Naibə Behbudova həmin günlərdə xalqın böyük həmrəylik nümayiş etdirdiyini, qazanılan hər bir qələbənin insanlarda sevinc və qürur hissi yaratdığını bildirib:
“Oktyabrın 24-ü, müharibənin 28-ci günü gəldi. Həmin günlər yeni-yeni qələbələr, nailiyyətlər və müjdələr eşidilirdi. Bu, təkcə Azərbaycan xalqının deyil, Azərbaycan dövlətinin də gücünü nümayiş etdirdi. Dünya azərbaycanlıları da səsimizə səs verdi, bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında birləşdi.
Həmin vaxt pandemiya səbəbindən insanlar evlərindən çölə çıxa bilməsələr də, eyvanlardan, pəncərələrdən bayraqlarımız dalğalanırdı. Demək olar ki, hər axşam, hər yeni qələbə müjdəsi gəldikcə şəhərdə binaların üzərindən bir səs yüksəlirdi: “Qarabağ Azərbaycandır!”
Uşaqdan böyüyə, hər kəs bu Qələbədə öz payının olmasını istəyirdi. Hamının düşüncəsində yalnız bir fikir var idi: irəli! Bütün qələbələri qazanmaq üçün irəli getdik. Nə yaralı əsgərimizi yolda qoyduq, nə də hərbçilərimizdən geri çəkilən oldu. Azərbaycanın qüdrəti, Azərbaycan əsgərinin şücaəti dillərə dastan oldu.
Artıq həmin hadisələrdən illər keçir və biz o günləri sevinc və qürurla xatırlayırıq. Biz xoşbəxt insanlarıq ki, həmin tarixi hadisələrin şahidi olduq, hər şeyi öz gözlərimizlə gördük. Bu, insanda böyük qürur hissi yaradır.
Bu gün Azərbaycan dünya arenasında ön sıralardadır. Şəhidlərimizin qanı yerdə qalmadı, yarımçıq qalan işlər tamamlandı”.








