Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Vətən müharibəsinin iyirmi yeddinci günü – 23 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.

Şəhla Nağıyeva həmin günü böyük qürur və həyəcanla xatırladığını, bu tarixin Azərbaycan xalqının rəşadətinin təcəssümü olduğunu bildirib:

“Bu günü hiss-həyəcanla, qürurla, xalqımın rəşadət günü kimi xatırlayıram. Həmin gün hamının ürəyi sevinclə, bəzən də kədərlə dolu idi. Çünki biz şəhidlər verirdik, qələbələr qazanırdıq və hər qələbəmiz həmin torpaqlara tökülən şəhid qanının bir sübutu olurdu.

Həmin gün artıq rəşadətli ordumuz xeyli irəliləmişdi. Biz hər səhər böyük həsrətlə hansı xoş xəbəri eşidəcəyimizi gözləyirdik. O günlərdə qürur, sevinc və həyəcan bir-birinə qarışmışdı. Həmin vaxt belə misralar keçirdi beynimizdən:

“Toy-bayramdır ölkədə,
Hamı öndə, cəbhədə,
Tarix yazır bərabər,
Prezident, xalq və əsgər”.

Doğrudan da, qürurlu günlər idi. O günlərin hər biri bir-birindən gözəl idi. İlk gündən son günə, Qələbəyə qədər bu mübarizə bizim üçün xüsusi məna daşıyırdı. Biz öz məqsədimizə doğru inamla mübarizəyə qalxdıq və sonda Qələbə qazandıq.

O günləri yaşadığımız və bu Zəfərin bizə nəsib olduğu üçün xoşbəxtik. Biz xoşbəxt xalqıq. Bu Zəfəri biz qazandıq!”