Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyinin sədri Vüsalə Hüseynli Vətən müharibəsinin iyirmi beşinci günü - 21 oktyabrla bağlı xatirələrini bölüşür. Vüsalə Hüseynli həmin günləri xatırlayaraq bildirib:
“21 oktyabr müharibənin 25-ci günü. Təbii ki, hər birimiz çox həyəcanlı idik, cəbhədən xəbərlər gözləyirdik. Ali Baş Komandan İlham Əliyevin məhz bizə yeni qələbə xəbərlərini verəcəyini səbirsizliklə gözləyirdik.
Çünki ondan bir gün öncə, 20 oktyabrda Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı xəbəri almışdıq. Müharibənin 25-ci günü, təbii ki, bir neçə kəndi yenə Azərbaycanın igid ruhlu əsgərləri işğaldan azad etmişdilər. Eyni zamanda, hər bir kənddən, hər bir qəsəbədən olan insanların sevinci, küçələrə çıxaraq Azərbaycan bayraqları ilə öz sevinclərini ifadə etmələri həmin günlərdə hər birimizin xatirəsinə həkk olunmuş hadisələr sayıla bilər.
Bu müharibəni təhlil edərkən yalnız Azərbaycan kontekstində deyil, ümumiyyətlə, dünya miqyasında nəzərdən keçirdikdə görürük ki, bir çox dünya dövlətləri bu gün Azərbaycanın uğurlu əməliyyatlarını öz hərbi dərslərində nümunə kimi təqdim edirlər.
Çünki bu dərslərin nəticəsi olaraq, xüsusilə çətin coğrafi şəraitə malik ərazilərdə əməliyyatların həyata keçirilməsi və eyni zamanda öz ərazilərində lokal təmizləmə əməliyyatlarının aparılması bir çox dövlətlər üçün olduqca nümunəvi hərbi əməliyyatlar idi.
6 il geriyə boylananda hər birimiz həyəcanla o günləri xatırlayırıq. Xüsusilə, bu günlərdə, bilirsiniz ki, Azərbaycanda Qənimətlər Parkı var və insanlar ora gedərkən həmin prosesləri bir daha yaşayır, o günlərə yenidən qayıtmış olurlar. Çünki orada nümayiş etdirilən hər bir günün arxasında, təbii ki, Ali Baş Komandanın, şəhid övladlarımızın və qazilərimizin əməyi dayanır. Bu günlərin hər birinin həyəcanını bizə yaşadan, uğurlarına sevindirən məhz bu insanlara ömrümüz boyu borcluyuq”.







