2025-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasından sonra minlərlə keçmiş əməkdaş yeni iş axtarışı ilə üzləşib. Onların bir qismi fərqli sahələrə keçib, digərləri isə yeni peşələrə yiyələnməyə başlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, agentliyin fəaliyyətinin dayandırılması keçmiş əməkdaşlar üçün əmək bazarında rəqabəti artırıb və inkişaf sektorunda iş imkanlarını məhdudlaşdırıb.

Bəzi keçmiş əməkdaşlar maddi ehtiyaclarını qarşılamaq üçün təlimlərə yazılıb, hobbilərini gəlir mənbəyinə çevirib və yarımştat işlərdə çalışmağa başlayıblar. Digərləri isə əvvəllər USAID tərəfindən dəstəklənən inkişaf layihələrini davam etdirmək və ya tamamilə yeni karyera qurmaq yolunu seçiblər.

“Devex” keçmiş USAID əməkdaşlarının işdən çıxarıldıqdan sonra həyatlarında baş verən dəyişiklikləri və onların yeni fəaliyyət istiqamətlərini araşdırıb. Bu təcrübələr arasında arıçılıqdan moda sahəsinə qədər müxtəlif peşələrə keçid də var.