Vergi Məcəlləsinə edilən dəyişikliklər qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların maliyyə idarəçiliyini daha çevik və səmərəli təşkil etməsinə imkan verəcək. Bunu iqtisadçı Eyyub Kərimli QHT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indiyədək sahibkarların depozit hesablarında qalan vəsaitlər yalnız təyinatı üzrə istifadə edilə bilirdi. Nəticədə hesablarda toplanan əlavə vəsaitlərdən digər ödənişlərin həyata keçirilməsi mümkün olmurdu.

İqtisadçı bildirib ki, yeni dəyişikliklərdən sonra həmin vəsaitlərin Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, pensiya ayırmaları və qanunvericilikdə nəzərdə tutulan digər sosial ödənişlər üçün istifadə edilməsinə şərait yaranacaq.

“Eyni vəsaitdən müxtəlif öhdəliklərin yerinə yetirilməsi sahibkarların əlavə maliyyə vəsaiti cəlb etməsi zərurətini aradan qaldıracaq. Bu da dövriyyə vəsaitlərinin qorunmasına, maliyyə resurslarından daha səmərəli istifadə olunmasına və biznesin likvidliyinin artırılmasına müsbət təsir göstərəcək”, – deyə E.Kərimli vurğulayıb.

Onun fikrincə, dəyişiklik depozit hesablarında vəsaitlərin istifadəsiz qalmasının da qarşısını alacaq. Bu mexanizm sahibkarlara mövcud maliyyə resurslarını öz fəaliyyət ehtiyaclarına uyğun daha çevik idarə etmək imkanı verəcək.

Eyyub Kərimli əlavə edib ki, yeni imkanlardan istifadə ediləcək əsas istiqamətlərdən biri də əməkhaqqı və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi olacaq. Bu isə sahibkarların maliyyə yükünü azaltmaqla yanaşı, biznes mühitinin daha əlverişli olmasına töhfə verəcək.