Yeni elmi araşdırma göstərib ki, gün ərzində 30 dəqiqədən çox fasiləsiz oturmaq və ya hərəkətsiz qalmaq xərçəngdən ölüm riskinin artması ilə əlaqələndirilə bilər. Tədqiqat çərçivəsində 91 mindən çox insanın sağlamlıq göstəriciləri 12 il ərzində izlənilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, hər gün fasiləsiz hərəkətsiz keçirilən hər əlavə saat xərçəngdən ölüm riskinin təxminən 10 faiz artması ilə əlaqəli olub. Alimlər bildirirlər ki, bu, səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, uzunmüddətli oturaq həyat tərzinin sağlamlığa mənfi təsir göstərə biləcəyini göstərən mühüm nəticədir. 

Tədqiqat müəllifləri vurğulayırlar ki, uzun müddət oturmağı qısa hərəkət fasilələri ilə əvəz etmək riski azalda bilər. Hətta 2–5 dəqiqə gəzmək, pilləkən qalxmaq, ev işi görmək və ya yüngül fiziki fəaliyyətlə məşğul olmaq belə sağlamlıq üçün faydalıdır. Araşdırmada qeyd olunur ki, gündə cəmi 5 dəqiqə intensiv fiziki aktivlik riskin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilib. 

Mütəxəssislər tövsiyə edirlər ki, ofisdə və ya evdə işləyən insanlar hər 30 dəqiqədən bir ayağa qalxaraq bir neçə dəqiqə hərəkət etsinlər. Onların fikrincə, bu sadə vərdiş həm ümumi sağlamlığın qorunmasına, həm də uzunmüddətli xəstəlik risklərinin azalmasına kömək edə bilər. 

Piranə Xasiyeva