"Dünya Bankının ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı elan etdiyi və dəstək məqsədilə həyata keçiriləcək bu layihə təqdirəlayiqdir. Bildiyimiz kimi, urbanizasiyanın yüksək olduğu, əhalinin sıx yaşadığı şəhərlərdə ekoloji mühit o qədər də qənaətbəxş olmur. Xüsusilə Azərbaycanın paytaxtı Bakı şəhərini nəzərə alsaq, burada havanın, suyun və torpağın çirklənməsi kifayət qədər yüksək səviyyədədir. Müəyyən tədbirlər görülsə, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilsə də, mövcud vəziyyəti hələ tam qənaətbəxş hesab etmək olmaz".
Bu sözləri ekoloq Sadiq Həsənov QHT.az-a açıqlamasında bildirib.
O bildirib ki, bu baxımdan Dünya Bankının ayırdığı maliyyə kifayət qədər böyük məbləğdir və düşünürəm ki, ekoloji mühitin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bildiyimiz kimi, Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə institutlarından biridir. Xüsusilə ekoloji sahəyə böyük həcmdə maliyyə vəsaiti ayırır və Azərbaycanda da bir çox layihələrin həyata keçirilməsinə dəstək göstərib. Bu mənada layihənin həyata keçirilməsi təqdirəlayiqdir.
Müsahib qeyd edib ki, xüsusilə, layihənin birinci komponenti - Bakı və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi, yeni obyektlərin tikilməsi, tullantıların daşınması, çeşidlənməsi və utilizasiyası proqramlarının həyata keçirilməsi çox effektiv yanaşmadır. Düşünürəm ki, Bakı şəhərində tullantıların toplanması və idarə olunması müəyyən qədər yaxşılaşsa da, onların çeşidlənməsi və təkrar emalı hələ də yüksək səviyyədə deyil. Bu baxımdan layihə çərçivəsində utilizasiya və təkrar emal obyektlərinin yaradılması çox mühüm əhəmiyyət kəsb edir. Toplanmış tullantıların çeşidlənməsi, təkrar emala yararlı hissələrinin ayrılması və yenidən istifadəsi ekoloji baxımdan olduqca vacibdir və bu istiqamətdə görüləcək işlər dəstəklənməlidir.
Layihənin ikinci komponenti - Zığ, Xocasən və Böyükşor göllərinin, eləcə də ətraf ərazilərin rekultivasiyası üçün maliyyə ayrılması da ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verə bilər. Nəzərə alsaq ki, uzun illər məişət və kanalizasiya suları həmin göllərə axıdılıb və onların ciddi şəkildə çirklənməsinə səbəb olub, bu istiqamətdə kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsi çox vacib addımdır.
Üçüncü komponent isə institusional potensialın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, hüquqi bazanın inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Düşünürəm ki, bu tədbirlər layihənin uzunmüddətli və səmərəli icrasına ciddi töhfə verəcək. Ümid edirəm ki, layihə çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə də dəstək göstəriləcək ki, bu da ekoloji mühitin yaxşılaşdırılmasına mühüm təsir edəcək.
Sadiq Həsənovun sözlərinə görə, dünya Bankının bu layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, SOCAR və “Təmiz Şəhər” ASC ilə birgə həyata keçirməsi də müsbət haldır. Bu dövlət qurumlarının və onların mütəxəssislərinin prosesə cəlb olunması Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin xeyli yaxşılaşmasına kömək edə bilər.
Son olaraq müsahib vurğulayıb ki, sadəcə burada bir məqam diqqət çəkir. Nə üçün Dünya Bankı kimi nüfuzlu beynəlxalq maliyyə institutu layihəyə elmi-tədqiqat institutlarını və qeyri-hökumət təşkilatlarını cəlb etməyib? Halbuki onların mütəxəssislərinin iştirak etməsi layihənin daha səmərəli, şəffaf və ictimai nəzarət şəraitində həyata keçirilməsinə birbaşa töhfə verə bilərdi.
Piranə Xasiyeva






