Vətəndaş cəmiyyətinin gücü ayrı-ayrı təşkilatların fəaliyyətinin miqyası ilə deyil, onların ortaq məqsədlər naminə birləşmək, sosial məsuliyyət daşımaq və cəmiyyətin inkişafına birgə töhfə vermək bacarığı ilə ölçülür. Müasir dövrdə vətəndaş cəmiyyətinin inkişafı dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir.

Sosial problemlərin mürəkkəbləşdiyi, ictimai münasibətlərin dəyişdiyi, yeni çağırışların meydana çıxdığı bir zamanda Qeyri-Hökumət Təşkilatlarının (QHT) üzərinə düşən məsuliyyət də getdikcə artır. Bu baxımdan QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq təşəbbüslərin həyata keçirilməsi artıq seçim deyil, zərurətdir.

2026-cı il noyabrın 6-da Zəfər günü ərəfəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisinin iştirakı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş Gəncədə keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forum təkcə təşkilatların bir araya gəldiyi növbəti tədbir deyil, həm də vətəndaş cəmiyyətinin gələcək inkişaf istiqamətlərinin müzakirəsi, yeni tərəfdaşlıqların qurulması və ortaq fəaliyyət imkanlarının müəyyənləşdirilməsi üçün mühüm platformadır.

Bu yeni əməkdaşlıq platformasını QHT-lərin fəaliyyətində yeni mərhələ də hesab etmək olar. Etiraf etməliyik ki, hər bir QHT-nin öz fəaliyyət istiqaməti, prioritetləri, təcrübəsi və imkanları var. Lakin cəmiyyətin üzləşdiyi problemlər heç də bir təşkilatın imkanları çərçivəsində həll edilə biləcək qədər sadə deyil.

Məişət zorakılığı, sosial bərabərsizlik, uşaqların müdafiəsi, ahıl insanların problemləri, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, gənclərin inkişafı, ekoloji məsələlər və digər sosial istiqamətlər sistemli yanaşma tələb edir. Belə məsələlərin həllində QHT-lərin bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi daha böyük nəticələrə yol aça bilər. Bir təşkilatın illərlə qazandığı təcrübə digər təşkilat üçün yeni imkanların qapısını aça, bir qurumun həyata keçirdiyi uğurlu sosial model başqa regionlarda tətbiq oluna bilər. Eyni zamanda, birgə layihələr maliyyə və insan resurslarından daha səmərəli istifadə etməyə, problemlərə müxtəlif tərəflərdən yanaşmağa və daha geniş auditoriyaya çatmağa imkan yaradır.

Əməkdaşlıq yalnız birgə tədbir keçirmək və ya layihə həyata keçirmək demək deyil. Bu, həm də bir-birinin fəaliyyətinə hörmət etmək, sağlam rəqabət mühitini qorumaq, ortaq problemlər qarşısında vahid mövqe nümayiş etdirmək və ictimai maraqları şəxsi və təşkilati maraqlardan üstün tutmaq mədəniyyətidir.

2026-cı ilin ölkəmizdə “Şəhərsalma İli” elan edilməsi QHT-lərin fəaliyyətinə də yeni məzmun və istiqamətlər qazandırır. Şəhərsalma yalnız yeni binaların tikilməsi, yolların salınması, parkların və ictimai məkanların yaradılması ilə məhdudlaşmır. Müasir şəhərsalma, ilk növbədə, insan amilinə, yaşayış mühitinin keyfiyyətinə, sosial ədalətə, ekoloji tarazlığa və əlçatanlığa əsaslanmalıdır.

Şəhər və kəndlər elə planlaşdırılmalıdır ki, burada yaşayan hər bir insan özünü təhlükəsiz, rahat və cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etsin. Uşaqlar üçün təhlükəsiz oyun və istirahət məkanları, ahıl insanlar üçün əlçatan infrastruktur, əlilliyi olan şəxslərin maneəsiz hərəkəti, qadınların ictimai məkanlarda təhlükəsizliyi, gənclərin sosial və mədəni fəallığı şəhərsalmanın vacib sosial komponentlərini. Məhz bu məqamda QHT-lərin üzərinə mühüm missiya düşür. Çünki QHT-lər cəmiyyətin müxtəlif təbəqələri ilə birbaşa təmasda olur, insanların gündəlik problemlərini öyrənir, onların ehtiyaclarını müəyyənləşdirir və bu ehtiyacları ictimai müzakirəyə çıxarmaq imkanına malikdirlər.

Regionlarda QHT əməkdaşlığının gücləndirilməsi vacibdir.

Forumun Gəncə şəhərində keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki vətəndaş cəmiyyətinin inkişafı yalnız paytaxtla məhdudlaşmamalı, regionlarda fəaliyyət göstərən təşkilatların imkanları da genişləndirilməlidir. Region QHT-ləri yerli əhalinin sosial problemlərini, ehtiyaclarını və gözləntilərini daha yaxından bilir. Onların bu bilik və təcrübəsi ölkə üzrə sosial layihələrin daha düzgün planlaşdırılmasına kömək edə bilər.

Bu baxımdan Bakı və region QHT-ləri arasında davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması, birgə layihələrin hazırlanması, təlim və təcrübə mübadiləsi proqramlarının təşkili vacibdir. Xüsusilə kiçik və yeni yaradılmış təşkilatların daha təcrübəli QHT-lərlə əməkdaşlığı onların institusional inkişafına ciddi dəstək ola bilər.

QHT-lərin fəaliyyətində davamlılıq məsələsi də diqqət mərkəzində olmalıdır. Layihənin başa çatması problemin həll edilməsi demək deyil. Əsas məqsəd layihə çərçivəsində əldə olunan nəticələrin davamlı mexanizmlərə çevrilməsi, yaradılan əməkdaşlıqların qorunması və ictimai faydanın uzunmüddətli olmasını təmin etməkdir.

Güclü vətəndaş cəmiyyətinin formalaşması üçün dövlət və QHT-lər arasında sağlam dialoq və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq mühüm şərtdir. Dövlətin yaratdığı imkanlardan səmərəli istifadə edən, şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl edən, cəmiyyətin real ehtiyaclarına uyğun layihələr həyata keçirən QHT-lər ictimai inkişafın əhəmiyyətli iştirakçılarına çevrilirlər.

Eyni zamanda, QHT-lərin təşəbbüslərinin dəstəklənməsi, onların institusional potensialının gücləndirilməsi və ictimai qərarların müzakirəsində iştirak imkanlarının genişləndirilməsi vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərir. Bu baxımdan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən əməkdaşlıq platformaları mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər təşkilatların bir-birini daha yaxından tanımasına, mövcud problemləri müzakirə etməsinə və gələcək fəaliyyət üçün yeni ideyalar formalaşdırmasına şərait yaradır.

Düşünürəm ki, QHT-lərin qarşısında duran əsas vəzifələrdən biri əməkdaşlığı formal tədbirlər səviyyəsindən çıxararaq real fəaliyyət mexanizminə çevirməkdir. Bunun üçün təşkilatlar arasında tematik əməkdaşlıq şəbəkələrinin yaradılması, ortaq layihə təşəbbüslərinin artırılması, regionlararası əlaqələrin gücləndirilməsi, birgə tədqiqat və monitorinqlərin aparılması, könüllülük fəaliyyətinin genişləndirilməsi vacibdir.

Xüsusilə sosial müdafiə, ailə və uşaq hüquqları, qadınların gücləndirilməsi, gənclərin inkişafı, ekoloji təhlükəsizlik və inklüziv cəmiyyət quruculuğu istiqamətlərində birgə fəaliyyət daha böyük ictimai fayda yarada bilər. Bir təşkilatın uğuru digərinin zəifləməsi hesabına əldə edilməməlidir. Əksinə, birinin təcrübəsi digərinə dəstək olmalı, ortaq məqsədlər fərdi maraqlardan üstün tutulmalıdır.

Gəncədə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu bir daha göstərdi ki, güclü vətəndaş cəmiyyəti qurmaq üçün təşkilatların bir araya gəlməsi, bir-birini dinləməsi və ortaq məqsədlər ətrafında birləşməsi son dərəcə vacibdir. Xüsusilə 2026-cı ilin “Şəhərsalma İli” çərçivəsində QHT-lərin qarşısında yalnız sosial layihələr həyata keçirmək deyil, həm də insanların daha rahat, təhlükəsiz, əlçatan və dayanıqlı yaşayış mühitinin formalaşmasına töhfə vermək kimi mühüm vəzifələr dayanır.

Mən inanıram ki, bu forumda yaranan əlaqələr, səsləndirilən ideyalar və müzakirə olunan təşəbbüslər gələcəkdə konkret layihələrə və davamlı əməkdaşlıqlara çevriləcək. Çünki güclü vətəndaş cəmiyyəti yalnız çoxsaylı təşkilatların mövcudluğu ilə deyil, onların bir-birinə nə dərəcədə dəstək verməsi, cəmiyyət qarşısında nə qədər məsuliyyət daşıması və ortaq məqsədlər naminə nə qədər səmərəli fəaliyyət göstərməsi ilə formalaşır. Əməkdaşlıq gücdür, birlik inkişafdır, ictimai məsuliyyət isə güclü cəmiyyətin əsas dayağıdır!

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova