QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu vətəndaş cəmiyyəti nümayəndələrinin geniş tərəfdaşlıq imkanları və aktual çağırışlar ətrafında bir araya gəldiyi mühüm platformaya çevrilib.

Tədbirdə fəal iştirak edən “Doğru Yol” Milli Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini Xaliqə Məmmədova forumun yekunları, panel müzakirələrinin əhəmiyyəti və vətəndaş cəmiyyətinin gələcək inkişaf prioritetləri barədə təəssüratlarını bölüşüb.

Məqaləni təqdim edirik:

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ölkə QHT-lərinin IV Əməkdaşlıq Forumu bu dəfə qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus memarlıq ənənələri ilə seçilən Gəncə şəhərində keçirildi. Bu forum…
Forumun ən mühüm nəticələrindən biri müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lər arasında birbaşa ünsiyyətin, təcrübə mübadiləsinin və yeni əməkdaşlıq imkanlarının yaranması idi. İştirakçılar bir-birlərinin fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmaq, ortaq maraqları müəyyənləşdirmək və gələcək layihələr üçün yeni tərəfdaşlıqlar qurmaq imkanı əldə etdilər.

Tədbir çərçivəsində QHT sektorunun inkişafına xidmət edən üç mühüm istiqamət üzrə panel müzakirələrin təşkili xüsusi əhəmiyyət daşıyırdı. Şəxsən iştirak etdiyim “QHT-lərin rəqəmsal və süni intellektə inteqrasiyası” paneli isə mənim üçün həm aktual, həm də olduqca faydalı müzakirə platforması oldu.

Düşünürəm ki, müasir dövrdə vətəndaş cəmiyyətinin inkişafını rəqəmsal transformasiyadan, innovativ texnologiyalardan və süni intellekt imkanlarından kənarda təsəvvür etmək mümkün deyil. QHT-lər fəaliyyətlərinin səmərəliliyini artırmaq, daha geniş auditoriyaya çıxmaq, beynəlxalq standartlara uyğunlaşmaq və rəqabətqabiliyyətli institusional model formalaşdırmaq üçün qlobal trendləri yaxından izləməli, yeni bilik və bacarıqlara yiyələnməlidirlər. Artıq rəqəmsallaşma seçim deyil, davamlı inkişafın vacib şərtidir.

Vətəndaş cəmiyyətinin güclənməsi yalnız ayrı-ayrı təşkilatların uğurları ilə ölçülmür. Bu, həm də QHT-lər arasında sağlam əməkdaşlıq mühitinin formalaşmasından, ortaq strategiyaların hazırlanmasından, ictimai təşəbbüslərin dəstəklənməsindən və ölkəmizin beynəlxalq miqyasda layiqli təmsil olunmasından asılıdır. Azərbaycan naminə həyata keçirilən layihələrin əhatə dairəsinin genişləndirilməsi, institusional potensialın gücləndirilməsi və peşəkar kadrların yetişdirilməsi bu prosesin əsas prioritetləri olmalıdır.

Bir vətəndaş cəmiyyəti təşkilatının rəhbəri kimi forum mənim üçün yeni tanışlıqlar, faydalı müzakirələr və gələcək əməkdaşlıq perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb etdi. Əvvəllər ünsiyyətdə olmadığım çoxsaylı QHT nümayəndələri ilə tanış olmaq, onların təcrübəsini öyrənmək və ortaq fəaliyyət istiqamətlərini müzakirə etmək imkanım oldu. İlk gündən son ana qədər zəngin və intensiv proqramla davam edən tədbir bir daha göstərdi ki, QHT sektorunda qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinə böyük ehtiyac var.

Xüsusilə qeyd etmək istərdim ki, panel müzakirələr zamanı səsləndirilən fikirlər və irəli sürülən təkliflər gələcək fəaliyyətimiz üçün mühüm istiqamətverici əhəmiyyət daşıyır.

Əminəm ki, bu cür platformalar QHT-lərin daha şəffaf, çevik və dayanıqlı fəaliyyətinə, resurs və imkanların səmərəli bölüşdürülməsinə, eləcə də birgə layihələrin həyata keçirilməsinə ciddi töhfə verəcək.

Bu əlamətdar tədbirin yüksək səviyyədə təşkilinə, QHT nümayəndələri üçün yaradılan səmimi və işgüzar mühitə, göstərilən diqqət və ehtirama görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və şəxsən Agentliyin İdarə Heyətinin sədri Aygün xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Dövlətimizin inkişaf strategiyasında vətəndaş cəmiyyətinin fəal iştirakı mühüm yer tutur. QHT-lər ictimai maraqların müdafiəsi, milli prioritetlərin təşviqi, ölkəmizin beynəlxalq səviyyədə tanıdılması və dövlətimizin maraqlarının qorunması istiqamətində üzərlərinə düşən məsuliyyəti daim dərk etməlidirlər. Bu baxımdan dövlət və vətəndaş cəmiyyəti arasında etibarlı tərəfdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

İnanıram ki, IV Əməkdaşlıq Forumu Gəncədə yeni ideyaların, möhkəm tərəfdaşlıqların və uğurlu təşəbbüslərin başlanğıcı olacaq. Qarşıda bizi daha böyük hədəflər gözləyir. Bu hədəflərə çatmaq üçün peşəkarlığımızı artırmalı, rəqəmsal yeniliklərə açıq olmalı, beynəlxalq əlaqələrimizi genişləndirməli və ən əsası, ortaq məqsədlər naminə birlikdə çalışmağı bacarmalıyıq.

Çünki güclü vətəndaş cəmiyyəti güclü dövlətin, fəal vətəndaş mövqeyi isə inkişaf edən Azərbaycanın mühüm dayaqlarından biridir.

Bütün həmkarlarıma və ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinə fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və Azərbaycan naminə həyata keçirəcəkləri təşəbbüslərdə davamlı müvəffəqiyyətlər arzulayıram!

Mövzu ilə bağlı
Nankin Universitetində qalmaqal: Süni intellektlə davamiyyət və diqqət nəzarəti ləğv olundu