Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi və yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlardan biri də Gəncə şəhərində baş tutub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə reallaşan ölkə QHT-lərinin IV Əməkdaşlıq Forumu ictimai sektorun nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Tədbirin yekunları və rəqəmsal dövrün çağırışları barədə fikirlərini bölüşən Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva qeyd edib:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə ölkə QHT-lərinin IV Əməkdaşlıq Forumu ölkəmizin gözəl şəhərlərindən olan, xüsusilə şəhərsalma memarlığı ilə seçilən tarixi diyarımız Gəncədə keçirildi. Bu əməkdaşlıq forumunun çox gözəl təşəbbüs və uğurlu bir tədbir olduğu bu il daha çox yadda qaldı. Hər il forumlar başqa bir xüsusiyyəti ilə yadda qalsa da, bu ilki panel müzakirələr xüsusilə diqqət çəkdi.
Zəfərimizin 6-cı ili ərəfəsində baş tutan bu forumla Zəfər Gününü Gəncədə çox möhtəşəm bir tədbirlə qeyd etdik. Tədbir zamanı QHT-lər bir-birlərini tanıdılar, fəaliyyət sahələri ilə tanış oldular və gələcək əməkdaşlıqlar formalaşdı. QHT-lərin inkişafı məqsədilə üç əsas panel müzakirə müəyyən edildi. Şəxsən mən “QHT-lərin rəqəmsal və süni intellektə inteqrasiyası” panelində iştirak etdim. Hesab edirəm ki, gələcək inkişaf dövründə biz mütləq şəkildə dünya trendlərinə qoşulmalı, özümüzü inkişaf etdirməli və beynəlxalq dünyanın tələblərinə cavab verən QHT-lər olmalıyıq.
Forumun əsas mahiyyəti və məqsədi QHT-lərin bir-birlərini daha yaxından tanımaları, strategiyalarını müəyyənləşdirmələri və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmələridir. Azərbaycan naminə həyata keçiriləcək bütün layihələr, beynəlxalq təmsilçilik, bilik və bacarıqların artırılması, eləcə də savadlılığın yüksəldilməsi bu inkişaf trendinə qoşulmaq üçün əsas şərtlərdəndir. Bir vətəndaş cəmiyyəti sədri olaraq bu tədbirdə əvvəllər tanımadığım çoxsaylı QHT nümayəndələri ilə tanış oldum. İlk gündən sonuna qədər sıx, lakin son dərəcə məhsuldar proqramla əhatə olunan bu forumu olduqca əhəmiyyətli hesab edirəm.
Zəfər Gününün qeyd olunmasından sonra baş tutan panel müzakirələr mənim üçün ayrıca bir önəm daşıdı. Belə genişmiqyaslı paneldə iştirak etmək mənim üçün dəyərli təcrübə oldu. Bu cür müzakirələr gələcəkdə QHT-lərin daha şəffaf, geniş imkanlara malik mühitdə fəaliyyət göstərməsinə və uğurlu layihələrin icrasında bir-birinə dəstək olmasına güclü təkan verəcək.
Ölkəmizin inkişafı naminə gördüyümüz bütün işlərin səmərəli olması üçün əlimizdən gələni edəcəyik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və şəxsən İdarə Heyətinin sədri Aygün xanım Əliyevaya yaradılan bu səmimi mühitə, dəyərə və hörmətə görə dərin təşəkkürümü bildirirəm. Ölkə başçısının da hər zaman vurğuladığı kimi, QHT-lər cəmiyyətin aparıcı qüvvəsidir və dövlətimizin təşəbbüslərində, ölkəmizə qarşı edilən bütün müdaxilə cəhdlərində hər zaman öndə olacaqlar.
Ümumilikdə bütün vətəndaş cəmiyyətinə uğurlar arzulayıram. Rəqabətə davamlılıq, özünüinkişaf, savadlılığın artırılması və beynəlxalq əlaqələrin gücləndirilməsi hər zaman həyat tərzimizə çevrilməli, Azərbaycan naminə gördüyümüz işləri daha da uğurlu etməliyik.
Mövzu ilə bağlı
• Gəncədə Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu keçirilib
• İtaliya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq forumu keçiriləcək
•Azərbaycan Televiziyası 70, radio isə 100 il öncə yaranıb: Hikmət Hacıyev əməkdaşları təbrik edib
Zülfiyyə Nuriyeva








