"Dünya Bankının Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün 410 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi ayırmaq təşəbbüsü çox müsbət və vacib addımdır".
Bu sözləri “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva QHT.az-a açıqlamasında bildirib.
O bildirib ki, “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi olaraq bu layihənin reallaşdırılmasını yüksək qiymətləndiririk. Hesab edirik ki, bu layihə vasitəsilə paytaxtımızda hava çirklənməsi, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması kimi aktual problemlərin həlli istiqamətində real nəticələr əldə etmək mümkündür.
Müsahib qeyd edib ki, uğurlu icra üçün şəffaflıq, ictimai nəzarət, vətəndaş cəmiyyətinin iştirakı və uzunmüddətli monitorinq ən vacib şərtlərdir. Biz bu prosesdə aktiv rol oynamağa, əhali arasında maarifləndirmə işləri aparmağa və layihənin icrasına töhfə verməyə hazırıq.
Aynurə Miriyevanın sözlərinə görə, layihənin potensialı baxımından qeyd etmək istərdik ki, Bakı və Abşeron yarımadası uzun illərdir neft sənayesi, nəqliyyat emissiyaları, sənaye tullantıları və sürətli urbanizasiya nəticəsində ciddi ekoloji problemlərlə üzləşir. Dünya Bankının dəstəyi ilə hava keyfiyyətinin yaxşılaşdırılması, müasir tullantıların idarə olunması sistemlərinin qurulması, yaşıl zonaların artırılması və iqlimə uyğunlaşma tədbirlərinin həyata keçirilməsi (məsələn, Zığ, Xocasən və Böyükşor gölünün qərb hissəsinin təmizlənməsi və bərpası) ən uğurlu addımlardan biri ola bilər. Neft məhsulları ilə ciddi şəkildə çirklənmiş torpaqların rekultivasiyası (təmizlənərək yaşıl zonaya çevrilməsi) da buna gözəl nümunə ola bilər.
Həmçinin o qeyd edib ki, “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi olaraq düşünürük ki, layihənin uğuru yalnız ayrılan maliyyə vəsaitindən deyil, həm də şəffaf idarəetmədən, ictimai iştirakdan və davamlı monitorinqdən asılı olacaq.
Müsahib son olaraq vurğulayıb ki, “Ekoloq” İctimai Birliyi bu kimi təşəbbüslərdə fəal iştirak edərək ətraf mühit problemlərinin həllinə, ekoloji maarifləndirməyə və gənc nəslin ekoloji təfəkkürünün formalaşdırılmasına bundan sonra da töhfə verməyə davam edəcək.
Piranə Xasiyeva






