Yeni elmi araşdırmaya görə, B12 vitamini çatışmazlığı özünü çox vaxt yaşlanmanın təbii əlamətləri kimi göstərir. Mütəxəssislər bildirirlər ki, yorğunluq, yaddaşın zəifləməsi, diqqət pozğunluğu, əl və ayaqlarda keyimə hissi, tarazlığın pozulması kimi simptomlar yalnız yaşlanmanın deyil, həm də B12 vitamini çatışmazlığının göstəricisi ola bilər. 

QHT.az xarici mediaya istinadən bildirir ki, B12 vitamini sinir sisteminin normal fəaliyyəti, qan hüceyrələrinin yaranması və beyin sağlamlığı üçün vacib rol oynayır. Çatışmazlıq uzun müddət aşkar edilmədikdə sinir zədələnmələri qalıcı xarakter ala bilər. 

Həkimlər xüsusilə 60 yaşdan yuxarı şəxslərə, vegeterian və vegan qidalananlara, həmçinin mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara vaxtaşırı B12 səviyyəsini yoxlatmağı tövsiyə edirlər. Ət, balıq, yumurta, süd və süd məhsulları B12 vitamininin əsas mənbələri hesab olunur. Vitamin əlavələri isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. 

Piranə Xasiyeva