İspaniyanın Navarra Universiteti alimlərinin apardığı yeni araşdırmaya görə, gündə bir fincan qəhvə içmək və müntəzəm meyvə istehlak etmək hüceyrələrin daha sağlam qocalmasına müsbət təsir göstərə bilər. Tədqiqatın nəticələri bu il keçirilən Avropa Piylənmə Konqresində təqdim olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırma zamanı 1 700-dən çox yetkin insanın qidalanma vərdişləri və hüceyrələrdəki telomerlərin uzunluğu təhlil edilib. Telomerlər xromosomların uclarını qoruyan strukturlardır və onların qısalması ürək-damar xəstəlikləri, şəkərli diabet, bəzi xərçəng növləri və yaşlanma ilə əlaqəli digər problemlərin riskinin artması ilə əlaqələndirilir.
Nəticələr göstərib ki, gündə bir fincan qəhvə içənlərdə qısa telomerlərə rastgəlmə ehtimalı təxminən 26%, gündə 4–5 porsiya meyvə yeyənlərdə isə təxminən 29% daha az olub. Ümumilikdə, polifenollarla zəngin qidaları daha çox qəbul edən iştirakçılarda hüceyrələrin sağlam qocalması ehtimalı daha yüksək müşahidə edilib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, söhbət "möcüzəvi qidadan" getmir. Onların fikrincə, sağlam qocalmaya təsir edən əsas amil uzunmüddətli dövrdə meyvə, tərəvəz, qəhvə və digər antioksidantlarla zəngin qidaların daxil olduğu balanslaşdırılmış qidalanma tərzidir.
Piranə Xasiyeva






