Dünyada milyonlarla insan beyin sağlamlığını qorumaq və yaddaşı gücləndirmək məqsədilə omeqa-3 balıq yağı əlavələrindən istifadə edir. Lakin yeni elmi araşdırma göstərib ki, bu əlavələr hər kəs üçün gözlənilən faydanı verməyə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat çərçivəsində iştirakçılar iki il ərzində müşahidə olunub. Nəticələr göstərib ki, omeqa-3 əlavələri beyində bu yağ turşularının səviyyəsini artırsa da, yaddaşın, idrak qabiliyyətinin və Alzheimer xəstəliyi ilə əlaqəli dəyişikliklərin qarşısının alınmasında əhəmiyyətli təsir göstərməyib.
Alimlər bildirirlər ki, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və xroniki xəstəliklərin nəzarətdə saxlanılması beyin sağlamlığının qorunmasında təkcə qida əlavələrindən daha mühüm rol oynayır. Onların fikrincə, vitamin və ya qida əlavələri yalnız həkim tövsiyəsi olduqda qəbul edilməlidir.
Bu araşdırma bir daha göstərir ki, geniş reklam olunan qida əlavələrinin hamısı elmi baxımdan təsdiqlənmiş nəticələr vermir və sağlam həyat tərzi beyin sağlamlığının qorunmasının əsas şərti olaraq qalır.
Piranə Xasiyeva






