Yeni araşdırma göstərib ki, qoxu hissinin zəifləməsi təkcə iybilmə problemi deyil, həm də yaşlı insanlarda fiziki sağlamlığın pisləşməsinin erkən göstəricisi ola bilər. Tədqiqat çərçivəsində 65 yaşdan yuxarı təxminən 5 500 nəfər yeddi il ərzində müşahidə edilib. 

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər müəyyən ediblər ki, qoxu hissi zəif olan iştirakçılarda yerimə sürəti, tarazlıq, ayaq əzələlərinin gücü və əl sıxma qüvvəsi digər insanlarla müqayisədə daha aşağı olub. Bundan əlavə, onların fiziki funksiyalarında zamanla daha sürətli geriləmə müşahidə edilib.

Tədqiqat müəllifləri bildirirlər ki, qoxu hissinin zəifləməsi bəzi hallarda orqanizmdə gedən yaşlanma prosesinin və ya sinir sistemi ilə bağlı dəyişikliklərin erkən xəbərçisi ola bilər. Bu səbəbdən yaşlı insanlarda qoxu hissinin qiymətləndirilməsi gələcək sağlamlıq risklərinin vaxtında aşkarlanmasına kömək edə bilər. 

Mütəxəssislər vurğulayırlar ki, qəfil və ya tədricən qoxu hissinin zəifləməsi müşahidə olunarsa, bunu yalnız yaşlanma ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda həkim müayinəsindən keçmək tövsiyə olunur, çünki erkən diaqnoz bir sıra xəstəliklərin vaxtında aşkar edilməsinə imkan yarada bilər.

Piranə Xasiyeva