Qlobal istiləşmə nəticəsində daha tez-tez və daha intensiv müşahidə olunan istilik dalğaları insan beyninin fəaliyyətinə ciddi təsir göstərir. Alimlər bildirirlər ki, yüksək temperatur təkcə nevroloji xəstəlikləri ağırlaşdırmır, həm də insanların davranışına, əhvalına və psixi sağlamlığına mənfi təsir edir.
QHT.az xarici mediaya istinadən xəbər verir ki,araşdırmalara görə, isti hava epilepsiya, insult, ensefalit, dağınıq skleroz (MS), miqren və digər nevroloji xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Xüsusilə nadir genetik xəstəlik olan Dravet sindromundan əziyyət çəkən uşaqlarda yüksək temperatur qıcolmaların yaranmasına səbəb ola bilir.
Böyük Britaniyanın London Universitet Kollecinin nevroloqu Sanjay Sisodiya bildirib ki, iqlim dəyişikliyinin beyin sağlamlığına təsiri artıq özünü göstərməyə başlayıb. Onun sözlərinə görə, 2003-cü ildə Avropada baş vermiş güclü istilik dalğası zamanı qeydə alınan əlavə ölüm hallarının təxminən 7 faizi birbaşa nevroloji problemlərlə bağlı olub. Oxşar göstəricilər 2022-ci ildə Böyük Britaniyada müşahidə edilən istilik dalğası zamanı da qeydə alınıb.
Mütəxəssislər qeyd edirlər ki, yüksək temperatur beynin normal fəaliyyətini pozaraq insanların daha aqressiv, əsəbi və depressiv olmasına səbəb ola bilər. Bundan əlavə, həddindən artıq isti hava diqqət, yaddaş və qərarvermə qabiliyyətinə də mənfi təsir göstərir.
Alimlərin sözlərinə görə, insan beyni bədənin ən çox enerji sərf edən orqanlarından biridir və fəaliyyət zamanı özü də istilik yaradır. Orqanizmdə qan dövranı beynin temperaturunu tənzimləməyə çalışsa da, ekstremal istilər bu mexanizmi çətinləşdirir.
Mütəxəssislər iqlim dəyişikliyi fonunda istilik dalğalarının artacağını nəzərə alaraq, xüsusilə nevroloji xəstəliklərdən əziyyət çəkən insanların isti havalarda daha diqqətli olmalarını, kifayət qədər maye qəbul etmələrini və uzun müddət günəş altında qalmamalarını tövsiyə edirlər.






