2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülhün əldə olunması üçün sazişi imzalandı.

Bu sənəd, uzun müddət davam edən Ermənistan-Azərbaycan münaqişəsinin siyasi yolla tənzimlənməsi istiqamətində atılmış uğurlu addımdır. Saziş yalnız iki ölkə arasında deyil, bütünlükdə Cənubi Qafqaz regionunda sabitliyin bərqərar edilməsinə xidmət edir. Bu sənəd, regional təhlükəsizlik arxitekturasının yenidən qurulması üçün hüquqi və siyasi zəmin formalaşdırır. Yeni geosiyasi reallıqlar Orta Asiya, Yaxın Şərq və Avropa arasında alternativ nəqliyyat və ticarət marşrutlarının inkişafı üçün şərait yaradır.

Çin üçün Avropa bazarına sürətli çıxış, Rusiya və İran-Qərb münasibətlərinin normallaşdırılması təsirləri dolayısı ilə davam edir. Bütün bu perspektivlərin reallaşması üçün Azərbaycan və Ermənistan arasında siyasi iradə və institutsional əməkdaşlıq məsələləri razılaşdırılıb.

Danılmaz faktdır ki, sülh üçün əməkdaşlıq imkanları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq hüquq normalarını əsas tutaraq 2020-ci ildə hərbi yolla Qarabağı Erməni işğalından azad etməsi siyasəti nəticəsində  baş verdi.

Digər diqqət çəkən məsələ ABŞ və Azərbaycan arasında süni intellekt, ticarət və texnologiyalar sahəsində əməkdaşlıq müqavilələrinin imzalanmasıdır. Bu, ABŞ-ın regionda uzunmüddətli iqtisadi iştirakını göstərir.

Eyni zamanda, 1992-ci ildən bəri Azərbaycana qarşı tətbiq edilən və beynəlxalq hüquq normalarına zidd olan 907-ci düzəlişinin ləğvi siyasi  və iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin davamlı iqtisadi inkişafı, suverenliyi və təhlükəsizliyi üçün sülhə doğru atdığı addımlar yaxın zamanda ABŞ, Avropa və Çin şirkətləri üçün yeni real investisiya mühiti formalaşdıracaq. Eyni zamanda Azərbaycan Respublikasını Dünya Ticarət Təşkilatına üzvlük məsələsi, xarici ticarətlə bağlı qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması prosesləri sürətlənəcək.

Nəticə etibarilə, sülhə doğru atılmış imzalar uzun illər davam edən münaqişəni sonlandırmaqla yanaşı, həm də yeni regional əməkdaşlıqlar üçün mühit formalaşdıracaq.

 

Sənan Yəhya

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri