Yeni beynəlxalq araşdırmaya əsasən, tərkibində antosianinlər adlanan təbii antioksidant maddələr olan meyvə və tərəvəzlərin müntəzəm istehlakı ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər. 

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər 18 uzunmüddətli müşahidə araşdırması və 65 klinik sınağın nəticələrini təhlil edərək müəyyən ediblər ki, antosianinlərlə zəngin qidaları müntəzəm qəbul edən insanlarda ürək-damar xəstəliklərinin inkişaf riski 26 faizə qədər aşağı olub. Bundan əlavə, bu qidalar qan damarlarının fəaliyyətini yaxşılaşdırıb və insulin mübadiləsinə müsbət təsir göstərib. 

Mütəxəssislərin sözlərinə görə, antosianinlər ən çox qaragilə, böyürtkən, albalı, qara üzüm, gavalı, moruq, qırmızı kələm və badımcanın qabığında olur. Bu məhsulların gündəlik rasiona daxil edilməsi ürək sağlamlığının qorunmasına kömək edə bilər. 

Araşdırma müəllifləri vurğulayırlar ki, nəticələr ümidverici olsa da, antosianinlə zəngin qidalar sağlam həyat tərzini əvəz etmir. Balanslaşdırılmış qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq ürək-damar xəstəliklərinin profilaktikasında əsas amillər olaraq qalır. 

Piranə Xasiyeva