Güzəşt öhdəliyinin mahiyyətinə, borclu ilə razılaşmaya və ya qanunvericiliyə zidd halda tələb sahibi- kreditor borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
QHT.az xəbər verir ki, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur, bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir.
Qeyd edək ki, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Adlı sənədli qiymətli kağız, habelə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı ilə bağlı tələbin güzəşti həmin qiymətli kağızlar üzrə indossament yolu ilə həyata keçirilir.
Pərvanə Fərhadqızı












