22 İyul – Milli Mətbuat Günü münasibətilə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin sədri Südabə Şirəliyeva QHT.az-a açıqlamasında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, medianın cəmiyyətdəki rolundan və jurnalistlərin məsuliyyətindən danışıb.
Südabə Şirəliyeva bildirib ki, Milli Mətbuat Günü münasibətilə bütün mətbuat işçilərini, peşəkar jurnalistləri və media qurumlarının kollektivlərini səmimi qəlbdən təbrik edir.
Onun sözlərinə görə, 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşrə başlaması Azərbaycan milli mətbuatının əsasını qoyaraq xalqın maariflənməsində, milli düşüncənin formalaşmasında və ictimai şüurun inkişafında mühüm rol oynayıb.
QHT sədri vurğulayıb ki, Azərbaycan mətbuatının inkişafına töhfə vermiş ziyalıların xidmətləri hər zaman ehtiramla xatırlanmalıdır:
“Bu əlamətdar gündə Azərbaycan mətbuatının inkişafına böyük töhfələr vermiş bütün ziyalılarımızı və söz adamlarımızı ehtiramla yad edirik. Xüsusilə Şamaxının yetirdiyi görkəmli ziyalılar Abbas Səhhət, Məhəmməd Hadi və Cəmil Cəbrayılbəylinin mətbuat və ədəbiyyat tariximizdə xüsusi yeri var. Onların yaradıcılığı milli düşüncənin, maarifçiliyin və azad sözün inkişafına mühüm töhfə verib.”
Südabə Şirəliyeva qeyd edib ki, müasir dövrdə media yalnız informasiya ötürən vasitə deyil, həm də cəmiyyətin inkişafına təsir göstərən mühüm institutlardan biridir.
“Media cəmiyyətin düzgün və obyektiv məlumatlandırılmasında, söz və fikir azadlığının qorunmasında, ictimai problemlərin işıqlandırılmasında və insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Xüsusilə qadınların, uşaqların, kənd və regionlarda yaşayan insanların, eləcə də sosial baxımdan həssas qrupların problemlərinin mediada daha geniş işıqlandırılması xüsusi əhəmiyyət daşıyır”, – deyə o bildirib.
O əlavə edib ki, informasiya məkanında sürətlə yayılan dezinformasiyalar fonunda medianın peşəkarlığı və etik prinsiplərə sadiqliyi daha da vacibdir.
“Medianın qarşısında duran əsas vəzifələrdən biri peşəkarlıq, obyektivlik, məsuliyyət və etik prinsipləri qorumaq, dezinformasiyaya qarşı mübarizə aparmaq və cəmiyyətin etibarlı informasiya mənbəyinə olan ehtiyacını təmin etməkdir.”
Sonda “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin sədri Südabə Şirəliyeva Milli Mətbuat Günü münasibətilə bütün jurnalistlərə və media əməkdaşlarına möhkəm cansağlığı, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıb, cəmiyyətin inkişafı naminə göstərdikləri fədakar fəaliyyətə görə onlara təşəkkürünü ifadə edib.












