"16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiq olunması psixoloji baxımdan əsaslandırıla bilən addımdır. Çünki uşaq və yeniyetmə beyninin, xüsusilə də qərarvermə, impulsların idarə olunması və riskləri qiymətləndirməyə cavabdeh olan ön alın payının inkişafı hələ tam başa çatmır. Bu səbəbdən onlar sosial şəbəkələrin yaratdığı psixoloji təsirlərə böyüklərlə müqayisədə daha həssas olurlar".
Bu fikirləri klinik psixoloq və psixoterapevt İlkin Kazımlı QHT.az-a açıqlamasında bildirib.
İ.Kazımlının sözlərinə görə, sosial şəbəkələrdən erkən və nəzarətsiz istifadə uşaqların psixi sağlamlığı üçün ciddi risklər yaradır: Sosial şəbəkələrdən erkən və nəzarətsiz istifadə diqqət dağınıqlığına, yuxu pozuntularına, sosial müqayisə nəticəsində özgüvənin azalmasına, narahatlıq və depressiv əlamətlərin artmasına, həmçinin müxtəlif asılılıq davranışlarının formalaşmasına səbəb ola bilər. Bundan əlavə, kiberzorakılıq, manipulyativ məzmunlar və yaşa uyğun olmayan informasiyalar uşaqların emosional inkişafına ciddi mənfi təsir göstərir.
İlkin Kazımlı bildirib ki, yaş məhdudiyyətinin tətbiqi uşaqların qorunmasına xidmət edən mühüm addım sayıla bilər: Bu baxımdan yaş məhdudiyyətinin tətbiqi uşaqların psixi sağlamlığının qorunması, təhlükəli məzmunlara çıxışın azaldılması və ailədaxili nəzarətin gücləndirilməsi baxımından müsbət addım hesab oluna bilər.
Psixoloq vurğulayıb ki, təkcə qadağa tətbiq etmək problemi tam həll etmir: Lakin burada vacib bir məqam var: təkcə qadağa problemi həll etmir. Psixologiyada bilirik ki, sərt qadağalar bəzən əks reaksiya yaradır. Uşaq səbəbi izah edilməyən qadağanı qəbul etmək əvəzinə, sosial şəbəkələrdən gizli istifadə yolları axtarmağa başlaya bilər. Bu isə valideynlə övlad arasında etimadın zəifləməsinə və nəzarətin tamamilə itirilməsinə gətirib çıxara bilər.
İ.Kazımlının fikrincə, ən effektiv yanaşma qadağa ilə yanaşı rəqəmsal savadlılığın inkişaf etdirilməsidir: Mənim fikrimcə, ən sağlam yanaşma qadağa ilə yanaşı rəqəmsal savadlılığın artırılmasıdır. Valideynlər övladlarının onlayn fəaliyyətini yalnız məhdudlaşdırmaqla deyil, həm də onlarla açıq ünsiyyət qurmaq, təhlükələri izah etmək, istifadə müddətini birlikdə müəyyənləşdirmək və nümunə olmaqla idarə etməlidirlər.
Mütəxəssis qeyd edib ki, 16–18 yaş arası yeniyetmələr üçün valideyn razılığı əsasında istifadə daha balanslı yanaşmadır: 16–18 yaş arası yeniyetmələrin valideyn razılığı ilə sosial şəbəkələrdən istifadə etməsi isə daha balanslı yanaşmadır. Bu dövrdə əsas məqsəd yeniyetməni tam məhdudlaşdırmaq deyil, ona təhlükəsiz rəqəmsal davranış vərdişləri qazandırmaq olmalıdır.
Psixoloq sonda bildirib ki, qanun dəyişikliklərinin uğuru maarifləndirmə və valideyn iştirakından asılıdır: Nəticə etibarilə, bu qanun dəyişiklikləri düzgün maarifləndirmə və valideyn iştirakı ilə müşayiət olunarsa, uşaqların psixoloji rifahına müsbət təsir göstərə bilər. Əks halda, yalnız qadağaya əsaslanan yanaşma gözlənilən effekti verməyə və hətta bəzi hallarda əks nəticələr yaratmağa meylli ola bilər.
Fatimə Nəbiyeva












