Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinin avqustun 10-dan sonra başlanılması gözlənilir. Bu məsuliyyətli proses ərəfəsində təhsil eksperti Şəmsi Qocayev abituriyentlərə seçim zamanı diqqət edilməli məqamlar, qəbul prosesindəki yeniliklər və keçid ballarında gözlənilən dəyişikliklərlə bağlı QHT.az-a açıqlama verib. Onun sözlərinə görə, düzgün strategiya və dəqiq təhlil ixtisas seçimində uğurun əsas şərtlərindən biridir.

Təhsil eksperti Şəmsi Qocayev mövzü ilə bağlı QHT.az-a açıqlama verib. Onun sözlərinə görə, Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinin avqustun 10-dan sonra başlanılması gözlənilir və bu məsuliyyətli dövr hər bir abituriyentdən böyük diqqət, strateji yanaşma və dəqiq təhlil tələb edir:

" İxtisas seçimi zamanı abituriyentlərin nəzərə almalı olduğu ən mühüm məqam, toplanmış balların sadəcə ötən ilin göstəriciləri ilə kor-koranə müqayisə edilməməsi, əksinə, imtahan nəticələrinin ümumi paylanma dinamikasının doğru qiymətləndirilməsidir. Seçim ərizəsində ayrılmış 15 ixtisas kodunun ardıcıllığı tərtib edilərkən abituriyent ilk növbədə ürəkdən arzuladığı və toplaya bildiyi bala yaxın olan ixtisasları yuxarı sıralara yazmalı, riskləri minimuma endirmək üçün isə sonrakı yerlərdə öz balından daha aşağı keçid balı olan ehtiyat variantlara yer verməlidir. Həmçinin, dövlət sifarişli və ödənişli təhsil formalarının hər ikisində iştirak etmək istəyənlər eyni ixtisasın kodunu iki dəfə ərizəyə daxil etməli, fənn altqruplarının tələblərinə, xarici dil və minimum bal məhdudiyyətlərinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Bu tədris ilində ixtisas seçimi qaydalarında və qəbul prosesində nəzərəçarpan əsas yeniliklər ali məktəblərin ümumi plan yerlərinin artırılması, müasir əmək bazarının tələblərinə uyğun olaraq İT və texnologiya yönümlü ixtisasların coğrafiyasının genişlənməsi ilə bağlıdır. Qəbul planındakı bu artım abituriyentlər üçün əlavə şanslar yaratsa da, beynəlxalq proqramlar, ADA Universiteti kimi təhsil müəssisələrində SAT nəticələri ilə qəbul imkanları və daxili altqrup qaydalarının çevikliyi müasir seçim mühitini daha dinamik edir. DİM tərəfindən elektron sistem vasitəsilə həyata keçirilən ixtisas seçimi prosesində xüsusilə subbakalavrların ali təhsilə keçid inteqrasiyası və müvafiq ixtisas uyğunluğu cədvəllərinin tətbiqi də mühüm yeniliklər sırasındadır.
Keçid ballarında artım ehtimalı birbaşa olaraq ixtisas qruplarından və abituriyentlərin sıxlıq təşkil etdiyi bal intervallarından asılıdır".

Ekspert qeyd edib ki, xüsusilə Birinci ixtisas qrupunun Riyaziyyat-İnformatika (Rİ) altqrupunda müraciət edənlərin sayının ilbəil sürətlə çoxalması və bu sahəyə göstərilən böyük maraq İT yönümlü ixtisaslarda keçid ballarının yuxarı doğru hərəkət edəcəyini şərtləndirir:

"Eyni zamanda, Dördüncü qrupda Tibb ixtisası üzrə ənənəvi rəqabət mühitinin qorunması, İkinci qrupda Maliyyə və Mühasibat, Üçüncü qrupda isə Hüquqşünaslıq kimi nüfuzlu ixtisaslarda yüksək bal toplayan abituriyentlərin çoxluğu həmin istiqamətlərdə keçid ballarının artma ehtimalını artırır.
Hazırda abituriyentlər arasında ən böyük rəğbət və maraq qazanan ixtisasların başında rəqəmsal dövrün tələblərini əks etdirən İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proqram mühəndisliyi və İnformasiya texnologiyaları gəlir. Bununla yanaşı, humanitar və cəmiyyət elmləri istiqamətində Hüquqşünaslıq və Beynəlxalq münasibətlər, iqtisadiyyat sahəsində Maliyyə, Mühasibat, Menecment və Biznesin idarə edilməsi, səhiyyə sahəsində isə Müalicə işi və Stomatologiya ən çox üstünlük verilən, abituriyentlərin xəyallarını bəzəyən aparıcı ixtisaslar olaraq qalmaqdadır".