Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə və birinci sinfə qəbulun elektron sistem üzərindən həyata keçirilməsi qəbul prosesində şəffaflığın və obyektivliyin təmin edilməsində mühüm rol oynayır. Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, elektron qəbul sistemi valideynlər üçün həm rahatlıq yaradır, həm də insan amilindən qaynaqlanan neqativ halların qarşısını alır.

Təhsil eksperti QHT.az-a açıqlamasında Ramin Nurəliyev bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə, eləcə də ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul prosesini xüsusi elektron portal vasitəsilə həyata keçirir.

Onun sözlərinə görə, valideynlər heç bir dövlət qurumuna və ya məktəbə getmədən, evdən onlayn şəkildə müraciət edə bilirlər. Müraciətlər elektron sistem vasitəsilə qəbul olunur və müvafiq təhsil müəssisəsi tərəfindən qiymətləndirilərək qərar verilir.

Ekspert qeyd edib ki, qəbul zamanı yaşayış yerinin məktəbə yaxınlığı əsas meyarlardan biridir. Bununla yanaşı, şəhid ailələrinin övladları, əlilliyi olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas kateqoriyalara aid şəxslər üçün qanunvericiliyə uyğun üstünlüklər tətbiq edilir.

R.Nurəliyevin sözlərinə görə, elektron qəbul sistemi məktəb rəhbərliyi ilə birbaşa təmasın qarşısını aldığı üçün əvvəlki illərdə rast gəlinən qeyri-şəffaf halların və korrupsiya risklərinin azalmasına şərait yaradır.

Ekspert vurğulayıb ki, bu model dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur və Azərbaycanda da təhsil sahəsində əsas xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hazırda məktəbə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul, eləcə də şagirdlərin məktəblər arasında yerdəyişməsi elektron qaydada həyata keçirilir.

Ramin Nurəliyev əlavə edib ki, müraciətlərin rədd edilməsi halında valideynlər səbəbi öyrənmək, zərurət yaranarsa regional təhsil idarələrinə və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etmək hüququna malikdirlər.

Ekspertin sözlərinə görə, sistemdən istifadə də kifayət qədər sadədir. Valideyn öz şəxsiyyət vəsiqəsi məlumatları ilə elektron kabinetə daxil olur, övladı üçün şəxsi kabinet yaradaraq müraciəti rəsmiləşdirir. O bildirib ki, internetə çıxışı olan istənilən məkandan həm Bakı şəhərində, həm də regionlarda bu xidmətdən rahat istifadə etmək mümkündür.

Zəhra Ağayeva