Yağışlı havaların təsiri ilə meşələrdə yabanı göbələklərin artması insanların onlara marağını artırıb. Lakin mütəxəssislər təbiətdən toplanan göbələklərin şüursuz şəkildə istehlakının ölümə qədər aparan zəhərlənmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Qastroenteroloq, professor Vedat Göral bildirib ki, göbələk zəhərlənməsi xüsusilə mülayim havalarda daha çox müşahidə olunur. Onun sözlərinə görə, bəzi hallarda zəhərlənmə əlamətləri göbələk qəbul edildikdən sonra qısa müddətdə üzə çıxsa da, daha təhlükəli hallar bir neçə saat sonra özünü göstərə bilər.
Mütəxəssis ilkin əlamətlər arasında ürəkbulanma, qusma, qarın ağrısı, ishal, ağız suyunun artması və tərləməni qeyd edib. Daha gec başlayan zəhərlənmələr isə qaraciyər və böyrək çatışmazlığı kimi ağır fəsadlara səbəb ola bilər.
Professorun sözlərinə görə, göbələyin bişirilməsi, qaynadılması və ya qurudulması onun tərkibindəki zəhərli maddələri mütləq şəkildə aradan qaldırmır. Buna görə də təbiətdən toplanan və növü dəqiq müəyyən edilməyən göbələklərin istehlakı təhlükəlidir.
Mütəxəssis göbələk alarkən mənşəyi və təhlükəsizliyi məlum olan, satış üçün nəzərdə tutulmuş məhsullara üstünlük verilməsini tövsiyə edib. Tanışların məsləhəti ilə və ya görünüşünə əsasən yabanı göbələk toplamaq və istehlak etmək ciddi risk yaradır.












