2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri demək olar ki, tam açıqlanıb. Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, builki qəbul kampaniyasında ən ciddi rəqabət II ixtisas qrupu üzrə müşahidə olunacaq.

QHT.az-a açıqlama verən ekspert bildirib ki, bu il maksimum nəticə göstərən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə az olub. Onun sözlərinə görə, I və IV ixtisas qrupları üzrə ümumilikdə 17 nəfər 700 bal toplamağa nail olub. Lakin buraxılış imtahanlarının nəticələri nəzərə alındıqda maksimum bal göstəricisi əldə edilməyib.

Məzahir Məmmədli qeyd edib ki, III qrup üzrə hazırlaşan bəzi abituriyentlərin II qrupda da özlərini sınaması həmin qrupda rəqabəti daha da artıracaq.

Ekspertin fikrincə, son illərdə olduğu kimi, bu il də kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, hüquqşünaslıq, stomatologiya və tibb kimi prestijli ixtisaslarda yüksək bal toplayanlar arasında ciddi rəqabət gözlənilir.

Məzahir Məmmədli vurğulayıb ki, abituriyentlərin ixtisas seçimi mövcud qəbul qaydaları ilə məhdudlaşır və hər kəs arzuladığı ixtisası seçə bilmir. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin qəbul mexanizminə yenidən baxılması məqsədəuyğun olardı ki, gənclər öz maraq və bacarıqlarına uyğun peşə seçə bilsinlər.

Ekspert əlavə edib ki, ixtisas uyğunsuzluğu ali təhsildən imtina hallarının əsas səbəblərindən biridir. O xatırladıb ki, ötən il təxminən 13 min tələbə müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyub və onların əksəriyyəti bunu seçdikləri ixtisasın maraqlarına uyğun olmaması ilə əlaqələndirib. Maliyyə çətinlikləri də rol oynasa da, əsas səbəb kimi ixtisas seçimi ilə bağlı narazılıqlar göstərilir.