Mütəxəssislər stresslə tinnitus arasında ikitərəfli əlaqənin olduğunu bildirirlər. Güclü narahatlıq qulaqlardakı küyün daha aydın hiss edilməsinə, tinnitus isə yuxu pozğunluğu və stressin artmasına səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, stress yalnız həzm sisteminə deyil, eşitmə ilə əlaqəli proseslərə də təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, uzunmüddətli stress, yuxusuzluq və əzələ gərginliyi qulaqlarda cingilti və ya küy hissini gücləndirə bilər.

Mövzu ilə bağlı türkiyəli LOR mütəxəssisi Op. Dr. Fatih Eraslan bildirib ki, tinnitus müstəqil xəstəlik deyil, müxtəlif səbəblərdən yarana bilən simptomdur. Onun əsas səbəbləri arasında eşitmə itkisi, yüksək səsə məruz qalma, qulaq kiri, qulaq infeksiyaları, bəzi dərmanların təsiri, miqren, Menyer xəstəliyi və yüksək qan təzyiqi yer alır. Çənə oynağı problemləri və dişlərin sıxılması da qulaqlardakı küylə əlaqəli ola bilər.

2025-ci ildə aparılmış heyvan tədqiqatlarından biri də xroniki stresslə tinnitus arasında mümkün əlaqəyə diqqət çəkib. Araşdırmada stressə məruz qalan siçovulların bir qismində eşitmə həddi dəyişmədən tinnitusla uyğun davranış əlamətləri müşahidə olunub. Bununla belə, heyvanlar üzərində əldə edilən nəticələr stressin insanlarda birbaşa tinnitus yaratdığını qəti şəkildə sübut etmir.

Mütəxəssislər qeyd edirlər ki, tinnitus və stress arasında qarşılıqlı təsir yarana bilər: stress səsə həssaslığı və küyün yaratdığı narahatlığı artıra, tinnitus isə yuxu keyfiyyətini və emosional vəziyyəti pisləşdirə bilər. Yuxu rejiminin qorunması, stressin idarə edilməsi və uyğun tibbi qiymətləndirmə bu dövrün zəiflədilməsinə kömək edə bilər.

Qulaqlarda davamlı küy olduqda LOR müayinəsindən keçmək vacibdir. Küy qəfil eşitmə itkisi ilə birlikdə yaranarsa, təcili tibbi yardım alınmalıdır. Nəbzlə eyni ritmdə olan və ya yalnız bir qulaqda davamlı hiss edilən tinnitus da həkim tərəfindən araşdırılmalıdır.