Yodun həm çatışmazlığı, həm də artıqlığı sağlamlıq üçün təhlükəlidir
Mütəxəssislər xəbərdarlıq edir: Nəzarətsiz yod qəbulu qalxanabənzər vəzin fəaliyyətini poza bilər
QHT.az xarici mediaya istinadən bildirir ki, Yod orqanizmdə az miqdarda tələb olunsa da, qalxanabənzər vəz hormonlarının istehsalında, xüsusilə hamiləlik və ana südü ilə qidalandırma dövründə uşağın inkişafında mühüm rol oynayır. Lakin bu mineralın çatışmazlığı kimi, normadan artıq qəbulu da sağlamlıq problemlərinə səbəb ola bilər.
Türkiyənin Medipol Acıbadem Regional Xəstəxanasının Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssisi, professor Mehmet Fatih Kılıçlı yodun nəzarətsiz istifadəsi ilə bağlı xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, orqanizmə kifayət qədər yod daxil olmadıqda qalxanabənzər vəzin hormon istehsalı zəifləyə bilər. Yod çatışmazlığı vəzidə düyünlərin yaranması ilə də əlaqəli ola bilər.
Bununla yanaşı, yodun həddindən artıq qəbulu da qalxanabənzər vəzin fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə Haşimoto və Qreyvs xəstəliklərindən, eləcə də toksik çoxdüyünlü zob və toksik adenoma kimi problemlərdən əziyyət çəkən şəxslərdə artıq yod qəbulu hormon səviyyələrinin yüksəlməsinə və ya azalmasına səbəb ola bilər. Bu isə xəstəliyin gedişatını ağırlaşdıra və müalicəni çətinləşdirə bilər.
Professor yodlaşdırılmış duzdan istifadənin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, həkim tərəfindən xüsusi məhdudiyyət qoyulmadığı halda yodlaşdırılmış duza üstünlük verilməsi tövsiyə olunur. Lakin əsas məqsəd daha çox duz qəbul etmək deyil, duzun yodlaşdırılmış olması və miqdarına diqqət yetirilməsidir.
Mütəxəssis əlavə yod preparatlarından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyin vacibliyini bildirib.
Hamiləlik və ana südü ilə qidalandırma dövründə yodun əhəmiyyəti
Yod uşağın həm fiziki, həm də zehni inkişafı üçün vacibdir. Buna görə də hamiləlik və ana südü ilə qidalandırma dövründə orqanizmin yoda olan tələbatının qarşılanması xüsusi əhəmiyyət daşıyır.
Mütəxəssis bu dövrlərdə həkim məsləhəti olmadan yod qəbulunu məhdudlaşdırmağın düzgün olmadığını qeyd edib. Yodun miqdarı ananın sağlamlıq vəziyyəti və mövcud xəstəlikləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Həkimlər xüsusilə qalxanabənzər vəz xəstəliyi olan şəxslərə yod tərkibli preparatlardan və tibbi prosedurlardan əvvəl öz diaqnozları barədə mütəxəssisi məlumatlandırmağı tövsiyə edirlər.












