"Sahibkar kimdir? Sahibkar iş yeri yaradan şəxsdir. Sahibkar vergi ödəyicisidir. Sahibkar olmasa, sahibkar vergi ödəməsə və iş yeri yaratmasa, nə baş verir? Büdcə gəlirləri azalır, insanların narazılığı artır, işsizlik artır və hökumət üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməkdə çətinlik yaranır".

QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçirilən “Sahibkarlığın İnkişafı üçün Xarici Ölkə Modelləri” forumunda bildirib.

O bildirib ki, sahibkar olmaq asan deyil. Bəzən yanıma gələn bir çox insanlar şikayət edirlər ki, “mənə də o cür işlər yaratsalar, mənim də imkanım olsa, mənim də pulum olsa, mənə də şərait yaratsalar, mən də sahibkar olaram, mən də pul qazanaram.” Xeyr. Bəlkə də, sahibkar olmaq dünyada ən çətin işlərdən biridir. Bacarıq, iradə, qabiliyyət, dayanıqlılıq və mübarizə tələb olunur. Kim mübarizə aparmırsa, o sahibkar ola bilməz.

Razi Nurullayevin sözlərinə görə, bəzən ölkəmizdə sahibkara qarşı belə bir yanaşma formalaşır ki, guya sahibkar yoxsulluğun aradan qaldırılmasında iştirak etməlidir, iş yeri yaratmalıdır və s. Xeyr, bunlar hamısı gəlişigözəl sözlərdir, amma dünyanın heç bir yerində sahibkara bu cür yanaşılmır. Sahibkar üçün əsas məqsəd qazanc əldə etməkdir. O, gördüyü işdən gəlir qazanmalıdır.

O qeyd edib ki, əgər sahibkara qazanc əldə etməsi üçün əlverişli şərait yaradılarsa, o, bütün gücü ilə çalışacaq və həmin qazancı əldə edəcək. Çünki sahibkar üçün əsas motivasiya budur. Bir çox iri şirkətlər belə ən böyük çətinlikləri dəf edib zəngin olublar, buna görə də müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Məsələn, ABŞ-də iş qurub, işçilərini isə Çin, Malayziya və Tayvan kimi ölkələrdə saxlayırlar. Çünki orada vergilər daha aşağıdır, əməkhaqqı xərcləri azdır və daha çox qazanc əldə etmək mümkündür.

Və deputat son olaraq vurğulayıb ki, sahibkarlığın qaydalarını düzgün anlamaq və ona uyğun yanaşma formalaşdırmaq vacibdir. Bu, çox önəmli məsələdir.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən  təşkil olunub.