"Bir məsələni qeyd etmək istərdim ki, hər hansı xarici ölkə modelini götürüb tam şəkildə Azərbaycana tətbiq etmək mümkün deyil".
QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçirilən “Sahibkarlığın İnkişafı üçün Xarici Ölkə Modelləri” forumunda bildirib.
O vurğulayıb ki, biz təxminən 70 ilə yaxın sahibkarlığın qadağan olunduğu bir ölkədə yaşamışıq. Sovet İttifaqı qurulduqdan sonra Azərbaycanda kommunist rejimi formalaşdı, sahibkarlıq qadağan edilmişdi. Sahibkar ölkənin düşməni kimi təqdim olunur, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı cinayət işləri açılırdı.
Tahir Mirkişili qeyd edib ki, onilliklər sonra, 1990-cı illərin əvvəllərində Azərbaycanda müstəqillik əldə olunana qədər sahibkarlıq fəaliyyəti faktiki olaraq sıfır vəziyyətində idi. Müstəqillikdən sonra isə sahibkarlığın inkişafı üçün hüquqi və qanuni zəmin formalaşmağa başladı.
1990-cı illərin əvvəllərində Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yarandı. Hətta xatırlayıram ki, 1992, 1993, 1996, 1997-ci illərdə, eləcə də 2000-ci illərin əvvəllərində bu istiqamətdə mühüm dəyişikliklər baş verdi. Həmin dövrlərdə sahibkarların müdafiəsi istiqamətində ciddi addımlar atıldı, sahibkarların şikayətlərinə baxan qurumlar yaradıldı və hüquq-mühafizə orqanlarının müdaxilələri azaldıldı.
Deputat bildirib ki, məhz bu dövrdən sonra Azərbaycanda sahibkar müstəqil iqtisadi subyektə çevrildi. Bu gün Azərbaycanda özəl sektor ümumi daxili məhsulun təxminən 80-85 faizini formalaşdırır. Eyni zamanda, müqavilə əsasında çalışan əməkdaşların 50 faizdən çoxu özəl sektorda fəaliyyət göstərir. Bu isə təxminən 1 milyona yaxın insan deməkdir.
Bu fakt göstərir ki, özəl sektor Azərbaycanın iqtisadi siyasətində çox mühüm yer tutur. Sahibkarlar təkcə iqtisadi inkişaf üçün deyil, ümumilikdə ölkənin tərəqqisi üçün mühüm rol oynayırlar.
O vurğulayıb ki, Azərbaycan uzun və mürəkkəb bir yol keçib. Uzun illər ərzində ölkənin resurslarının böyük hissəsi işğal problemi ilə bağlı məsələlərə yönəldilmişdi. Şükürlər olsun ki, artıq bir neçə ildir ölkəmiz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub.
Tahir Mirkişili qeyd edib ki, mən təxminən 7-8 il ərzində ölkənin müxtəlif bölgələrində təşkil olunan seminar və görüşlərdə iştirak etmişəm. Bu səfərlər zamanı sahibkarlarla görüşmək, onların fəaliyyəti ilə yaxından tanış olmaq imkanım olub. Regionlarda sahibkarlığın inkişafını görmək bizim üçün sevindiricidir.
Xüsusilə, Zəngilanda sahibkarların yaratdığı müəssisələri, becərilən torpaqları və istehsal olunan məhsulları gördükdə qürur hissi keçiririk. Hətta fəaliyyət göstərən şirkətlərdən birinin rəhbərinin xanım olması və onun gördüyü işlər məndə çox müsbət təəssürat yaratdı.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlığın inkişafı uzun və çətin bir yol keçib. Bu, hamımızın keçdiyi bir yoldur. Lakin bu gün artıq geri dönüşü olmayan bir mərhələdəyik. Çünki sahibkarsız iqtisadiyyat mümkün deyil. Sahibkar iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.
Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın ən mühüm istiqamətlərindən biridir. İnkişaf etmiş ölkələrin əksəriyyətində kiçik və orta sahibkarlıq iqtisadiyyatın 60-70 faizini təşkil edir. Azərbaycanda bu göstərici hələ ki, daha aşağıdır. Lakin həyata keçirilən bütün tədbirlərin əsas məqsədi kiçik və orta sahibkarlığı iqtisadiyyatın əsas dayaqlarından birinə çevirməkdir.
Deputat son olaraq bildirib ki, kiçik və orta sahibkarlıq inkişaf etmədikdə, dünya təcrübəsində də gördüyümüz kimi, iqtisadiyyatda müəyyən problemlər və mənfi proseslər ortaya çıxmağa başlayır.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunub.






