"Ölkə başçısı sahibkarlığın inkişafını, əhalinin məşğulluğunun artırılmasını və özünüməşğulluq proqramlarının genişləndirilməsini daim diqqət mərkəzində saxlayır. Biz də ictimai birlik olaraq hökumətimizin bu istiqamətdə həyata keçirdiyi proqramlara dəstək verməyi öz borcumuz hesab edirik".

QHT.az xəbər verir ki, bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçirilən “Sahibkarlığın İnkişafı üçün Xarici Ölkə Modelləri” forumunda bildirib.

Sədr vurğulayıb ki, layihə sahibkarlar üçün yeni imkanlar yaradır: "Bu layihə bir araya gələn sahibkarlar üçün yeni imkanlar və əlverişli şərait yaradır. Bu baxımdan artıq üçüncü forumumuzu uğurla həyata keçirmişik. Əvvəlki forumlar Abşeron rayonunda və digər bölgələrdə təşkil olunmuş, üçüncü forum isə Naxçıvan şəhərində keçirilmişdir".

Z.Nuriyevanın sözlərinə görə, forum artıq ənənəvi xarakter alıb və əməkdaşlığın gücləndirilməsinə xidmət edir: "Artıq bu forum ənənə halını alıb. Forumun əsas məqsədlərindən biri dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, sahibkarların hökumətin həyata keçirdiyi iqtisadi siyasətə dəstək verməsi və yaradılan imkanlardan maksimum faydalanmasıdır".

Zülfiyyə Nuriyeva qeyd edib ki, Azərbaycanın siyasəti uğurla davam etdirilir: "Azərbaycan öz daxili və xarici siyasətini uğurla həyata keçirir və bu siyasət davamlı şəkildə inkişaf edir. Regionun ən güclü dövlətlərindən biri olan Azərbaycan bu gün beynəlxalq aləmdə diqqət mərkəzindədir".

Sədr bildirib ki, beynəlxalq maliyyə mexanizmləri sahibkarlara mühüm dəstək verəcək: "İki gün əvvəl İslam İnkişaf Bankının tədbirində iştirak etdik. Həmin maliyyə mexanizmlərinin sahibkarlara əhəmiyyətli dəstək verəcəyinə inanırıq. Eyni zamanda, investorların ölkəmizə cəlb olunmasında da bu əməkdaşlığın mühüm rolu olacaq".

Z.Nuriyeva göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən  təşkil olunub.