"Sizi səmimi qəlbdən salamlayır, hər birinizə dərin ehtiramımı bildirirəm. İlk növbədə forumun işinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu gün burada iştirak edən sahibkarlar yeni ideyalar, yeni baxışlar və faydalı təcrübələrlə tanış olaraq öz fəaliyyətlərinə töhfə verəcək məlumatlarla geri dönəcəklər".

QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçirilən “Sahibkarlığın İnkişafı üçün Xarici Ölkə Modelləri” forumunda bildirib.

M.Vəliyevanın sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın əsas istiqamətlərindən biri kiçik və orta sahibkarlığın inkişafıdır: "Mən bu gün təhsil və iqtisadi inkişaf istiqamətində bir neçə məsələyə toxunmaq istəyirəm. Azərbaycanda iqtisadi inkişafın əsas dayaqlarından biri kiçik və orta sahibkarlığın inkişafıdır. Xüsusilə qadın sahibkarlığının inkişafı və bu sahədə peşə hazırlığının artırılması ilə bağlı bəzi fikirlərimi bölüşmək istərdim".

Mehriban Vəliyeva bildirib ki, Azərbaycan qadınının ictimai həyatda fəal iştirakının inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olub və qadına tarixən böyük ehtiram göstərilib: Biz bilirik ki, Azərbaycanda qadınların ictimai həyatda fəal iştirakının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bununla yanaşı, Azərbaycan xalqının tarixində qadına hər zaman böyük ehtiram göstərilib, qadının ailədə və cəmiyyətdə rolu yüksək qiymətləndirilib".

Deputat vurğulayıb ki, bu gün Azərbaycan qadını bütün sahələrdə fəaliyyəti, təşəbbüskarlığı və sosial töhfələri ilə seçilir: "Bu gün Azərbaycan qadını bütün sahələrdə öz fəaliyyəti, təşəbbüskarlığı və sosial töhfələri ilə diqqət çəkir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolunun və imkanlarının bariz nümunəsidir. Biz hər birimiz bu nümunədən ilhamlanaraq ölkəmizin, xalqımızın və cəmiyyətimizin inkişafına öz töhfəmizi verməliyik".

M.Vəliyevanın sözlərinə görə, keçirilən tədbirlər sahibkarların maarifləndirilməsi və onların yeni bilik və bacarıqlarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır: "Bu gün keçirilən tədbirlər sahibkarların maarifləndirilməsi, onların yeni bilik və bacarıqlarla təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Sahibkarlıq həm mürəkkəb, həm də daim inkişaf tələb edən bir sahədir. Sahibkar yalnız məhsul istehsal edən şəxs deyil; o, eyni zamanda peşəkar idarəetmə, düzgün maliyyə planlaşdırması, bazarı öyrənmək və hazırladığı məhsulu uğurla təqdim etmək bacarığına malik olmalıdır".

Mehriban Vəliyeva bildirib ki, kiçik və orta sahibkarlara dəstək göstərilməsi, onların maarifləndirilməsi və təlim proqramları ilə təmin olunması əsas prioritetlərdən biridir: "Bu baxımdan kiçik və orta sahibkarlara dəstək göstərilməsi, onların maarifləndirilməsi və müxtəlif təlim proqramları ilə təmin olunması ən vacib məsələlərdən biridir".

Deputat vurğulayıb ki, beynəlxalq təcrübənin və yeni yanaşmaların təqdim edilməsi iştirakçılar üçün faydalı imkanlar yaradır: "Bu gün burada təqdim edilən beynəlxalq təcrübə və yeni yanaşmalar, şübhəsiz ki, iştirakçılar üçün faydalı olacaq. Biz nəzərə almalıyıq ki, qarşıdakı illərdə bəzi peşələr dəyişəcək, yeni peşələr yaranacaq və əmək bazarının tələbləri yenilənəcək. Buna görə də daim öyrənmək, inkişaf etmək və dəyişikliklərə uyğunlaşmaq hər bir sahibkar üçün vacib amildir".

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən  təşkil olunub.