"Təxminən bir neçə il əvvələ nəzər salsaq, görərik ki, çox qısa zaman kəsiyində Azərbaycanda sahibkarlığın inkişafı sürətlənib. Burada həm maliyyə dəstəyi, həm digər dəstək mexanizmləri mövcuddur və həm dövlət səviyyəsində, həm də vətəndaş cəmiyyəti tərəfindən böyük həmrəylik nümayiş etdirilir".

QHT.az xəbər verir ki, bu fikirləri Milli Məclisinin VII çağırış deputatı Nigar Məmmədova Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçirilən “Sahibkarlığın İnkişafı üçün Xarici Ölkə Modelləri” forumunda bildirib.

Nigar Məmmədova bildirib ki, Azərbaycanda çox qısa zaman kəsiyində sahibkarlığın inkişafını, sahibkarlıq səviyyəsinin yüksəlməsini və sahibkarların inkişafını görmüşük. Özəl sektor artıq çox güclü bir sektora transformasiya olunub. Həmçinin burada investisiya mühitinin və biznes mühitinin gücləndirilməsinin şahidi olmuşuq.

Onun sözlərinə görə, Azərbaycan bu gün təkcə uğurlu bir model deyil, eyni zamanda inkişaf modeli baxımından çox cəlbedici bir nümunədir. Bu model bütün dünya və beynəlxalq ictimaiyyət üçün maraq doğurur.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanın investisiya mühiti həm yerli sahibkarlar üçün çox cəlbedicidir, həm də xarici investorlar üçün əlverişli imkanlar yaradır. İlk növbədə daxili investorlar və kiçik, orta sahibkarlar üçün çox cəlbedici bir mühit formalaşıb. Həmçinin, həssas təbəqədən olan sahibkarlar üçün də əlverişli imkanlar mövcuddur.

O qeyd edib ki, bunlardan əvvəl natiqlər də qeyd etdilər. İstər qanunvericilik sahəsində aparılan işlər, istər dövlət dəstəyi ilə keçirilən tədbirlər, təşkil olunan konfranslar, eləcə də Sahibkarlar Gününün təsis edilməsi dövlətin sahibkara olan inamının, dəstəyinin və onlara göstərilən diqqətin bariz nümunəsidir.

Nigar Məmmədova bildirib ki, digər tərəfdən, müxtəlif mexanizmlərin təsis edilməsi, əhalinin müxtəlif qrupları üçün peşə imkanlarının yaradılması və bu mexanizmlərin davamlı olaraq gücləndirilməsi, eləcə də bu platformanın və sahənin inkişaf etdirilməsi sahibkarlığın inkişafı üçün, əlbəttə ki, çox mühüm vasitələrdən biridir.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən  təşkil olunub.