Sumqayıt şəhərində keçirilən “Sahibkarlığın inkişafı üçün xarici ölkə modelləri” forumu rəsmi açılış və salamlama nitqlərindən sonra panel müzakirələri ilə davam edib.
“Xarici təcrübənin yerli sahibkarlıq mühitinə inteqrasiyası və sosial-inklüziv imkanlar” mövzusunda keçirilən panel sessiyaya Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli moderatorluq edib.
Panel müzakirələrində çıxış edən ekspertlər xarici ölkələrin uğurlu sahibkarlıq modelləri, innovativ yanaşmalar, sosial sahibkarlığın inkişafı və beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.
Panel çərçivəsində:
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri, “Bakı Toxuculuq Fabriki” MMC-nin direktoru Səkinə Babayeva “Qadın sahibkarlığının inkişafında beynəlxalq trendlər və uğurlu biznes modellərinin yerli istehsalatda tətbiqi” mövzusunda çıxış edib. O, qadınların biznes fəaliyyətində rolunun artırılması, beynəlxalq təcrübədən yararlanmaqla yerli istehsal imkanlarının genişləndirilməsi barədə məlumat verib.
“Turan Qastro Turizm” Təhsil Mərkəzinin rəhbəri Doğan Tomris “Qastro-turizm sahəsində sahibkarlıq modelləri, Azərbaycan üçün uğurlu nümunələr” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı qastronomiya və turizmin inteqrasiyası, bu sahədə beynəlxalq nümunələr və yeni sahibkarlıq imkanları diqqətə çatdırılıb.
Sumqayıt Reabilitasiya Mərkəzinin rəhbəri Pərvanə Hacıyeva “İnklüziv sahibkarlıq: Sosial müəssisələrin qurulmasında xarici ölkə təcrübəsi və mövcud imkanlar” mövzusunda çıxış edib. O, sosial müəssisələrin yaradılması, həssas qrupların iqtisadi fəaliyyətə cəlb olunması və inklüziv biznes yanaşmalarının əhəmiyyətindən danışıb.
“UNISER Group” MMC-nin rəhbəri Emin Xankişiyev “Biznesin idarə edilməsində müasir korporativ idarəetmə modelləri və xarici tərəfdaşlıq platformaları” mövzusunda çıxış edərək müasir idarəetmə prinsipləri, beynəlxalq əməkdaşlıq imkanları və bizneslərin dayanıqlı inkişaf mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb.
Panel sessiyasının sonunda iştirakçıların sualları cavablandırılıb, sahibkarlığın inkişafı, xarici təcrübənin tətbiqi və sosial-inklüziv biznes imkanları ilə bağlı təkliflər dinlənilib.
Forum müzakirələr və fikir mübadiləsi formatında davam edərək sahibkarlıq ekosisteminin inkişafına töhfə verən mühüm platforma kimi çıxış edib.






