Venesuelada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları ölkənin Ali Ədalət Məhkəməsinə yeni hakimlərin seçilməsi prosesində daha çox şəffaflıq və ictimai iştirakın təmin olunmasına çağırış edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatların yaydığı bəyanatda bildirilib ki, məhkəmə sistemində aparılan kadr dəyişiklikləri hüquq sisteminin müstəqilliyi və vətəndaşların ədalətə çıxışı baxımından böyük əhəmiyyət daşıyır. Buna görə də hakimlərin seçilməsi prosesi açıq, hesabatlı və cəmiyyətin nəzarəti altında həyata keçirilməlidir.
Vətəndaş cəmiyyəti nümayəndələri namizədlərin qiymətləndirilməsi meyarlarının ictimaiyyətə açıqlanmasını, prosesə müstəqil ekspertlərin cəlb edilməsini və vətəndaşların rəy bildirmək imkanlarının genişləndirilməsini vacib hesab edirlər.
QHT-lər vurğulayırlar ki, məhkəmə sisteminə ictimai etimadın gücləndirilməsi yalnız şəffaf və ədalətli seçim mexanizmləri vasitəsilə mümkündür. Onların fikrincə, bu yanaşma hüququn aliliyinin möhkəmlənməsinə və demokratik institutların inkişafına töhfə verə bilər.
Piranə Xasiyeva






